Ölkəmizdə 5,2 milyona yaxın işçi qüvvəsi var

0
623

Bu il iyulun 1-nə olan məlumata əsasən, ölkəmizdə iqtisadi fəal əhalinin sayı 5 milyon 167 min nəfərdən çox olub, onlardan 4 milyon 915 min nəfərdən çoxunu məşğul əhali təşkil edib.

Dövlət Statistika Komitəsindən verilən məlumata görə, bu il iyunun 1-i vəziyyətinə muzdla işləyənlərin sayı 1 milyon 590 min 700 nəfər, o cümlədən iqtisadiyyatın dövlət sektorunda 898 min, qeyri-dövlət sektorunda isə 692 min 700 nəfər təşkil edib. Neft-qaz sektorunda çalışanların sayı 35 min, qeyri neft-qaz sektorunda çalışanların sayı isə 1 milyon 555 min 700 nəfər olub.

Müəssisə və təşkilatlarda muzdla çalışan işçilərin 23,4 faizi məhsul istehsalında, o cümlədən 7,2 faizi tikintidə, 7,2 faizi emal, 3,1 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 2,2 faizi mədənçıxarma, 1,9 faizi su təchizatı, tullantıların təmizlənməsi və emalı, 1,8 faizi elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sahələrində məşğul olub.

Xidmət sahəsində işləyənlərin 21 faizi təhsil, 18,4 faizi ticarət, nəqliyyat vasitələrinin təmiri, 8,4 faizi səhiyyə və sosial xidmətlər, 6,9 faizi dövlət idarəetməsi və müdafiə, sosial təminat, 4,6 faizi nəqliyyat və anbar təsərrüfatı, 3,5 faizi inzibati və yardımçı xidmətlər, 3,5 faizi istirahət, əyləncə və incəsənət, 3,4 faizi peşə, elmi və texniki fəaliyyət, 1,7 faizi informasiya və rabitə, 1,6 faizi maliyyə və sığorta fəaliyyəti, 1,6 faizi turistlərin yerləşdirilməsi və ictimai iaşə, 1 faizi digər sahələrdə xidmətlərin göstərilməsi və 1 faizi daşınmaz əmlakla əlaqədar əməliyyat sahələrində çalışıblar.

Bu il iyulun 1-nə olan məlumata görə, məşğulluq xidməti orqanlarında 55,8 min nəfər işsiz qeydiyyata alınıb, onların 34,6 faizini qadınlar təşkil edib. İşsizlikdən sığorta ödənişinin orta məbləği 221,2 manat olub.