“ChatGPT”nin dərmanla bağlı məsləhəti qadının həyatına son qoydu – Foto

Ağır epilepsiyadan əziyyət çəkən 31 yaşlı “Amazon” proqramçısı Bouen Vanın valideynləri “OpenAI” şirkətinə qarşı iddia qaldırıblar. Onlar “ChatGPT”nin qızlarına qıcolma əleyhinə dərmanı qəbul etməyi dayandırmaqda kömək etdiyini və onu bu qərarı həkimindən gizlətməyə təşviq etdiyini iddia edirlər. Van 2026-cı ilin fevralında vəfat edib.

Bu barədə “The New York Times” nəşri məlumat yayıb.

ChatGPTnin dərmanla bağlı məsləhəti qadının həyatına son qoydu - Foto

Yanvarda, “Amazon” şirkətində ixtisara düşdükdən qısa müddət sonra Van çatbotdan gündəlik 400 milliqram lamotrigin dozasını azaltmağın mümkün olub-olmadığını soruşub. ABŞ-də qalmaq üçün fevralın ortalarınadək iş tapmalı olan qadın qəbul etdiyi dərmanın nitqinə və düşünmə qabiliyyətinə mənfi təsir göstərdiyini düşünürdü.

İddialara görə, “ChatGPT” dərmanın dozasını bir neçə həftə ərzində sıfıra endirməyə imkan verən cədvəllər hazırlayıb. Həmçinin qadının bu planı həkimindən gizlətməsini “yayınmaq üçün etibarlı strategiya” kimi qiymətləndirib.

Nəşrin yazışmalara çıxış əldə edərək apardığı araşdırmaya əsasən, Van dərmanı dayandırmaqla bağlı narahatlığını çatbotla ən azı 158 dəfə bölüşüb. Qadının huşunu itirməsi və oxumaqda çətinlik çəkməsi isə “ChatGPT” tərəfindən beynin yenidən uyğunlaşma prosesi ilə əlaqələndirilib.

Ömrünün son günlərində qadın dərmanı yenidən qəbul etməli olub-olmadığını soruşduqda çatbotun ona belə cavab verdiyi bildirilir: “Sabah da 0 mq qəbul edin. Bu gün çətinlik çəksəniz, nitqiniz ləngisə və yuxunuz pis olsa belə, dözmək lazımdır”.

Rəsmi sənədlərdə ölüm səbəbi epilepsiya zamanı baş verən qəfil və gözlənilməz ölüm kimi göstərilib. İddia ərizəsində çatbotun müvafiq lisenziyası olmadan tibbi məsləhətlər verdiyi və həkimləri müraciət edilməli mütəxəssislər kimi deyil, “maneə” kimi təqdim etdiyi qeyd olunur.

“OpenAI” nümayəndəsi Dryu Pusateri hadisəni “inanılmaz dərəcədə ürəkdağlayan” adlandırıb. Bununla belə, o, söhbətin “ChatGPT”nin ilkin versiyalarından biri ilə aparıldığını vurğulayıb. Vanın istifadə etdiyi “GPT-4o” modeli ehtimal edilən ölüm tarixindən bir gün sonra – fevralın 13-də tətbiqdən çıxarılıb.