“Maraqlar toqquşması haqqında” qanun layihəsində vəzifəli şəxslərin hədiyyə və sadə qonaqpərvərlik qəbul etməsi ilə bağlı məlumatlandırma mexanizmi nəzərdə tutulur.
Layihəyə əsasən, hədiyyə və sadə qonaqpərvərliklə bağlı məhdudiyyətlər “Korrupsiyaya qarşı mübarizə haqqında” qanunun müvafiq müddəaları ilə müəyyən edilir.
Sənədin 10.2-ci maddəsinə görə, hədiyyə və ya sadə qonaqpərvərlik qəbul edildikdən sonra üç iş günü ərzində vəzifəli şəxs səlahiyyətli subyektlərə bu barədə məlumat verməlidir.
Məlumatda hədiyyənin adı, növü, əlamətləri, qiyməti, verilmə məqsədi, tarixi, vaxtı, yeri və onu təqdim edən subyekt barədə məlumatların göstərilməsi, həmçinin bu məlumatları təsdiq edən sübutların təqdim edilməsi təklif olunur.
Layihəyə əsasən, səlahiyyətli subyektlər hədiyyələrin qeydiyyatını aparacaq və maraqlar toqquşmasına səbəb olan halları araşdıracaqlar. Hədiyyənin qəbul edilməsinin maraqlar toqquşmasına gətirib çıxardığı müəyyənləşdirilərsə, onun geri qaytarılması, bu mümkün olmadıqda isə qurumun balansına keçirilməsi barədə qərar qəbul edilə bilər.
Sənəddə vəzifəli şəxslərin hədiyyənin qəbul edilməsi ilə bağlı tərəddüd yarandıqda konfidensial məsləhət almaq hüququ da nəzərdə tutulur.



