Azərbaycanda ən çox qazandıran kənd təsərrüfatı məhsulları məlum olub

2025-ci ildə bostan məhsulları və meyvə-giləmeyvə satışı ən yüksək, pambıq və yaşıl çay yarpağı satışı isə ən aşağı rentabellik göstəriciləri ilə seçilib. Azərbaycanda 2025-ci ildə kənd təsərrüfatı müəssisələrinin satdığı məhsullar arasında ən yüksək rentabellik bostan məhsulları, meyvə-giləmeyvə və çəltik üzrə qeydə alınıb. Xam pambıq, yaşıl çay yarpağı və üzüm isə rentabelliyi ən aşağı olan məhsullar sırasında yer alıb.

Ötən il bostan məhsullarının satış rentabelliyi 64.4 faiz təşkil edib. Bu göstərici 2024-cü ildəki 58.2 faizlə müqayisədə 6.2 faiz bəndi artıb.

İkinci yerdə 62.7 faiz rentabelliklə meyvə və giləmeyvə qərarlaşıb. Bu məhsulların satış rentabelliyi bir il əvvəl 50.4 faiz olub. Beləliklə, göstərici 12.3 faiz bəndi yüksəlib.

İlk üçlüyü 56.6 faizlə çəltik tamamlayıb. 2024-cü ildə bu məhsul üzrə rentabellik 13.5 faiz təşkil etdiyi halda, 2025-ci ildə 43.1 faiz bəndi artıb.

Dördüncü yerdə 47.5 faiz rentabelliklə dənli bitkilər qərarlaşıb. Bu məhsul qrupu üzrə göstərici 2024-cü ildə 41.8 faiz olub. Beləliklə, bir il ərzində 5.7 faiz bəndi artım qeydə alınıb.

Beşinci yerdə 42.7 faiz rentabelliklə yun, altıncı yerdə isə 42.6 faizlə yumurta qərarlaşıb.

Süd istehsalı ilə məşğul olan kənd təsərrüfatı müəssisələrində satış rentabelliyi 41.7 faiz təşkil edib. Bu göstərici 2024-cü ildəki 41.3 faizlə müqayisədə 0.4 faiz bəndi yüksəlib. Süd reytinqdə yeddinci yeri tutub.

Səkkizinci yerdə 40.5 faiz rentabelliklə tərəvəz qərarlaşıb. Halbuki 2024-cü ildə bu məhsul üzrə göstərici 67 faiz olub. Beləliklə, tərəvəz satışının rentabelliyi bir il ərzində 26.5 faiz bəndi azalıb.

Doqquzuncu yerdə 39.4 faiz rentabelliklə tütün, onuncu yerdə isə 39.1 faizlə quş əti yer alıb.

Kartof satışının rentabelliyi 2025-ci ildə 30.9 faiz təşkil edib. Bu, 2024-cü ildə qeydə alınmış 38.3 faizlə müqayisədə 7.4 faiz bəndi azdır. Kartof bu göstərici ilə 17 məhsul və məhsul qrupu arasında 11-ci yerdə qərarlaşıb.

İribuynuzlu mal-qara ətinin satış rentabelliyi 25.6 faiz olub. Bir il əvvəl bu göstərici 38.1 faiz təşkil edib. Beləliklə, rentabellik 12.5 faiz bəndi azalıb və bu məhsul reytinqdə 12-ci yeri tutub.

Qoyun və keçi əti 23.9 faiz rentabelliklə 13-cü, şəkər çuğunduru isə 20.9 faizlə 14-cü yerdə qərarlaşıb.

Ən aşağı rentabellik göstəricilərindən biri üzüm satışında qeydə alınıb. Bu məhsul üzrə rentabellik 16.6 faiz təşkil edib və üzüm reytinqdə 15-ci yeri tutub.

Yaşıl çay yarpağı 14 faiz rentabelliklə 16-cı yerdə qərarlaşıb.

Siyahının sonuncu, 17-ci pilləsində isə xam pambıq yer alıb. Kənd təsərrüfatı müəssisələrində pambığın satış rentabelliyi 2025-ci ildə cəmi 4.8 faiz təşkil edib.

Beləliklə, ən yüksək və ən aşağı rentabellik göstəriciləri arasında 59.6 faiz bəndi fərq yaranıb. Bostan məhsullarının satış rentabelliyi xam pambıqla müqayisədə təxminən 13.4 dəfə yüksək olub.

Rəsmi statistika göstərir ki, 2025-ci ildə ölkə üzrə kənd təsərrüfatı müəssisələrinin məhsul satışında nəzərdən keçirilən 17 məhsul və məhsul qrupunun hamısında müsbət rentabellik qeydə alınıb. Bu o deməkdir ki, aqrar şirkətlər adları çəkilən məhsulların heç birində zərər eləməyiblər.

Qeyd edək ki, bu göstəricilər yalnız kənd təsərrüfatı müəssisələrinə, yəni hüquqi şəxslərə aiddir.