Fransa Senatı ölkədə etiraz aksiyaları zamanı vurulmuş zərərə görə 10 min avroya qədər cərimə tətbiqini ehtiva edən qanun layihəsinə razılıq verib.
Bu barədə “France24” məlumat yayıb.
Bu təşəbbüs may ayında UEFA Çempionlar Liqasının finalında “Pari Sen-Jermen”in “Arsenal” üzərindəki qələbəsindən sonra yaranan iğtişaşlara cavab olaraq hazırlanıb. Lakin 17 oktyabr etirazlarının Fransada son illərin ən şiddətli toqquşmaları ilə nəticələnməsindən, minlərlə müəssisənin zərər görməsindən və talan edilməsindən sonra sənədin əhəmiyyəti daha da artıb.
Sənədin genişləndirilmiş variantı əksəriyyət təşkil edən mərkəzçilər və sağçılar alyansının dəstəyi ilə 105 əleyhinə olmaqla 229 səslə Senatdan keçib.
Yeni qanuna əsasən, nümayişlər zamanı dağıntılara səbəb olan etirazçılardan 10 min avroyadək təzminat tələb edilə, dəymiş ziyanı ödəmək məqsədilə vətəndaşların sosial müavinətləri və mənzil yardımları da müsadirə oluna bilər.
Məhz bu bənd solçu partiyalar və insan haqları təşkilatları tərəfindən kəskin etirazla qarşılanıb. Bundan əlavə, layihəni tənqid edənlər bildirirlər ki, vandalizm aktlarında birbaşa iştirak etməyən şəxslər də, əgər təqsirkarlarla hər hansı əlaqələri sübuta yetirilərsə, məsuliyyətə cəlb edilmə təhlükəsi ilə üzləşəcəklər.
Hazırda sözügedən sənəd müzakirə və səsvermə üçün Fransanın müxtəlif siyasi qüvvələrinin təmsil olunduğu Milli Assambleyaya göndərilib.



