Pislikləri düşünməyək…

— Mümkünmü?
— Mümkün.
İlk növbədə, bizi əsəbləşdirən hallarda sakitləşməyi bacaraq.
Hər pisliyin arxasında yaxşılıq olduğunu düşünək. 
Özümüzü pisliklərdən təmizləməyə çalışaq.
Yaxşı düşüncələrin, yaxşı fikirlərin, gözəl əməllərin dalınca qaçaq.
Pislik edən də, pislik düşünən də, pislik arzulayan da öz həyatını məhv edir.
Pislik pisliklə düzəlmir. Əksinə, bu zaman səni də məhv edir.
Pisliyə yaxşılıqla cavab verək.
Pisləri düz yola yönəltmək üçün onları pisləməyək. Səhv etdiklərini başa salmaq üçün yaxşılığı anladaq, sevməyi arzulayaq.
Pislik pislik yaradır — onu etmək də, düşünmək də. Həyatımızı da, qəlbimizi də məhv edir.
Hər kiçik zövqümüzü, imkanımızı böyüdüb yaxşılıq edək. Özümüzə də, ətrafımızdakılara da…
Dünya hələ yaxşılıqların qələbəsi sayəsində dayanıb, dağılmır. Dağıntıların da bu mübarizənin qurbanı olduğunu düşünək.
Dünyanı yaşadan sevgidir. Bu duyğu bütün zirvələrin şahıdır.
Pisliyi düşünənlər, pislik edənlər bu dünyadan məhrumdurlar.
Hər «sevirəm» deyən əsl sevginin nə olduğunu dərk etmir. Sevgilisini öldürənlər haqqında da eşidirik.
Bu, özəl qürurun, insanın özünə olan sevgisinin üsyanıdır.
Bizi sevməyən hər kəs pis adam ola bilməz.
Hər birimizin neqativ cəhətləri var, neqativ halları olur.
Qatillərin də heç də hamısı pis adam sayılmır — şeytana məğlub olsalar da.
Heç birimiz mələk ola bilmərik. Amma mələklərin ağuşunda ola bilərik — pislikləri düşünməsək, onları dərd etməsək, onların qarşısını ala bilsək…
Həyatımızın hər addımında yaxşıları, yaxşılıqları görək, onları təlqin edək.
Bildiklərimizin yaxşı olduğuna inam hissini də bizə şeytanlar deyil, mələklər versin.
Əsl sevginin qəlbimizə hakim olması böyük xoşbəxtlikdir. O sevginin ömür boyu yaşaması isə qəlbimizin təmizliyidir.
Qəlbimiz təmiz olarsa, sevgimizdən pislik görsək belə, kin saxlamarıq. Əksinə, onun şeytana aldanmasına görə ona yazığımız gələr. Ona dua edərik.
Bəli, əməllərimiz işə yaramayanda üzümüzü Allaha tutub dua edək.
Pis olanlar qarğış edir, yaxşılar dua edir.
Hə, pislikləri düşünməyək, deyirəm.
Bəli, az düşünək, yoxsa bizi də qəfəsə salarlar.
Qəfəsdə ancaq pislər olsun ki, dünya dağılmasın…
Biz buradan sağ-salamat, təmiz gedək, qalanlarını da Allah qorusun.

Sənubər Səhər