Son dövrlər Azərbaycan vətəndaşlarının xarici ölkələrə səfərlərinə maraq müxtəlif amillərlə əlaqələndirilir. Turizm imkanlarının genişlənməsi, viza rejimi və nəqliyyat əlaqələri ilə yanaşı, təhsil, iş, alış-veriş və qohum ziyarətləri də səfərlərin artmasına təsir göstərə bilər. Xaricə səyahətə marağın yüksəlməsi fonunda ölkədaxili turizmin rəqabət qabiliyyəti, xidmətlərin keyfiyyəti və istirahət qiymətlərinin əlçatanlığı məsələləri də aktuallaşır.
Bəs, Azərbaycan vətəndaşlarının xarici ölkələrə səfərlərinin artmasının əsas səbəbləri nələrdir və bu səfərlərin nə qədəri turizm, nə qədəri isə təhsil, iş və digər məqsədlərlə bağlıdır? Xaricə səyahətə marağın artması yerli turizm sektoruna necə təsir edir və daxili turizmi daha cəlbedici etmək üçün hansı addımlar atılmalıdır?
Mövzu ilə bağlı açıqlama verən Azərbaycan Turizm Agentlikləri Assosiasiyasının Turistlərə Maarifləndirmə və Dəstək şöbəsinin rəhbəri, turizm üzrə ekspert Rəhman Quliyev bildirib ki, Azərbaycan vətəndaşlarının xarici ölkələrə səfərlərinin artmasını ilk növbədə əhalinin sosial rifahının yüksəlməsi, səyahət imkanlarının genişlənməsi və insanların dünyanı daha yaxından tanımaq istəyinin artması ilə əlaqələndirmək olar.
“Bu gün xaricə səfərlər yalnız istirahət məqsədi daşımır, eyni zamanda işgüzar görüşlər, təhsil, müalicə, alış-veriş və qohumlarla görüş kimi müxtəlif səbəblərlə də bağlıdır. Azərbaycanla digər ölkələr arasında ticarət əlaqələrinin genişlənməsi, biznes mühitinin inkişafı və sahibkarlıq üçün yaradılan imkanlar işgüzar səfərlərin artmasına da müsbət təsir göstərir. Digər mühüm amil Azərbaycan Hava Yollarının mütəmadi endirimli qiymətlər təqdim etməsi, yeni istiqamətlərin açılması və turizm şirkətlərinin müxtəlif büdcələrə uyğun səyahət paketləri təklif etməsidir. Xaricə səfərlərin artması ölkəmizin beynəlxalq iqtisadi və mədəni əlaqələrinin genişlənməsinə xidmət etsə də, bu proses yerli turizm sektoru üçün müəyyən rəqabət çağırışları yaradır. Bununla belə, xaricə səyahət edən vətəndaşların sayının artmasını daxili turizmə marağın azalması kimi qiymətləndirmək düzgün olmazdı, çünki insanlar müxtəlif mövsümlərdə həm xarici, həm də yerli istiqamətlərə üstünlük verə bilərlər. Qarabağ və Şərqi Zəngəzur, Şəki-Zaqatala, Quba-Xaçmaz, Lənkəran-Astara və digər bölgələrimiz zəngin təbiəti, tarixi irsi və mədəni imkanları ilə həm yerli, həm də xarici turistlər üçün cəlbedici istiqamətlərə çevrilə bilər. Əsas məqsədimiz vətəndaşların həm xaricdə, həm də ölkə daxilində rahat və keyfiyyətli səyahət etməsi üçün şərait yaratmaq, daxili turizmdə rəqabətqabiliyyətliliyi artırmaq və turizmin ölkə iqtisadiyyatına verdiyi töhfəni daha da gücləndirmək olmalıdır”.



