Gənclər arasında bu xəstəliklər daha çox yayılır – SƏBƏBLƏR

İkinci tip diabet, demensiya və dayaq-hərəkət sistemi xəstəlikləri gənclər arasında getdikcə daha çox aşkarlanır.

Bu barədə Rusiya Elmlər Akademiyasının akademiki Gennadi Onişenko bildirib.

Onun sözlərinə görə, əvvəllər əsasən 40 yaşdan yuxarı insanlarda rast gəlinən ikinci tip diabet artıq daha gənc pasiyentlərdə də geniş yayılır. O bildirib ki, son 30 ildə 50 yaşdan aşağı insanlar arasında onkoloji xəstəliklərin yayılması 24 faiz artıb.

Akademik həmçinin qeyd edib ki, alzheimer xəstəliyi və demensiya artıq yalnız yaşlı insanlara xas deyil. Hazırda bu xəstəliklər 50 yaşdan aşağı şəxslərdə də diaqnoz edilir.

Bundan əlavə, gənclərdə sümük sıxlığının azalması, osteoxondroz və artrit kimi dayaq-hərəkət sistemi xəstəlikləri də daha çox müşahidə olunur.

Onişenko bunu müasir həyat tərzi ilə əlaqələndirib. Onun fikrincə, az hərəkətlilik, qeyri-düzgün qidalanma, siqaret və spirtli içkilərdən istifadə, xroniki stress, yuxu çatışmazlığı, vitamin-mineral çatışmazlığı və əlverişsiz ekoloji şərait xəstəliklərin daha erkən yaşlarda ortaya çıxmasına səbəb olur.