Evinizi sığortaladıb arxayın olmayın – XƏBƏRDARLIQ

Evini sığortaladan hər kəs zərər baş verdikdə sığorta şirkətinin bütün xərcləri qarşılayacağını düşünür. Mənzilinizi sığortalatdırmağınız heç də zərər baş verəndə pulunuzu mütləq geri alacağınız demək deyil. Yanğın, su basması və ya zəlzələ nəticəsində evə ziyan dəysə belə, bəzi hallarda sığorta şirkəti ödənişdən imtina edə bilər.

Sığorta məsələləri üzrə ekspert Nicat Əlibəyli “Yeni Sabah”a danışaraq bildirib ki, daşınmaz əmlakın icbari sığortası ilə bağlı vətəndaşların diqqət etməli olduğu bir sıra məqamlar var:

“Daşınmaz əmlakın icbari sığortası üzrə şirkətlər adətən aşağıdakı hallarda sığorta ödənişindən imtina edə bilərlər:

Ümumilikdə zərərin qəsdən törədilməsi, sığorta hadisəsi barədə aidiyyəti qurumlara və şirkətə dərhal məlumat verilməməsi, eləcə də zərərin səbəbini təsdiq edən rəsmi sənədlərin təqdim olunmamasıdır.

Həmçinin Azərbaycan Respublikasının “Daşınmaz əmlakın icbari sığortası haqqında” Qanununa əsasən, bu növ icbari sığortada sığorta olunan tikiliyə yanğın, su basması və ya zəlzələ nəticəsində zərər dəydikdə sığorta şirkəti yalnız qanunla müəyyən edilmiş müstəsna hallarda məsələn, zərərin sığortalı tərəfindən qəsdən törədilməsi və ya qanunvericiliklə müəyyən edilmiş digər birbaşa istisnalar zamanı ödənişdən imtina edə bilər. İcbari sığortada mənzildəki kommunikasiyaların və ya avadanlıqların köhnə olması birbaşa ödənişdən imtina üçün əsas təşkil etmir”.

Ekspert könüllü daşınmaz əmlak sığortasında isə vəziyyətin fərqli olduğunu vurğulayıb:

“Könüllü daşınmaz əmlak sığortası növlərində isə Azərbaycan Respublikasının Mülki Məcəlləsinin müvafiq maddəsinə əsasən tərəflər arasında bağlanan müqavilə şərtləri tətbiq olunur ki, burada sığorta şirkəti risklərin dərəcəsinin düzgün qiymətləndirilməsi üçün mənzildəki mövcud ciddi nasazlıqların və ya köhnəlmiş avadanlıqların əvvəlcədən dürüst açıqlanmasını tələb edə bilər. Əlavə olaraq qeyd edim ki, istənilən halda hadisə baş verdikdə vətəndaş dərhal müvafiq dövlət qurumlarına və sığorta şirkətinə müraciət etməli, zərərin miqyasını rəsmi sənədlərlə təsdiqlədiməlidir.

İcbari əmlak sığortasında tətbiq olunan franşiza şərtləri, sığorta məbləği limitləri və hadisə baş verdikdə dərhal müraciət etmək qaydaları isə vətəndaşların çox vaxt diqqət yetirmədiyi əsas məqamlardandır”.