Sükanı olmayan taksilər üçün yeni addım: Mask planını açıqladı

ABŞ-nin “Tesla” şirkəti “Cybercab” robototaksisinin istehsalını artırmaq məqsədilə 2027-ci ildə Texasdakı “Gigafactory” zavodunda “Cybertruck” elektrik pikapının istehsalını azaltmağı planlaşdırır.

Bu barədə “Tesla”nın rəhbəri İlon Mask “X” hesabında paylaşım edib.

“Gələn ilin ortalarında “Tesla” “Gigafactory Texas” zavodunda “Cybertruck” istehsalını tədricən azaltmağa başlayacaq. Məqsəd “Cybercab” istehsalını artırmaq üçün əlavə istehsal gücü ayırmaqdır”, – deyə paylaşımda bildirilib.

Xatırladaq ki, İlon Mask “Cybercab” robototaksisini 2024-cü ilin oktyabrında təqdim edib. O bildirib ki, bu avtomobillər tam avtonom olacaq və sürücü üçün idarəetmə mexanizmləri ilə təchiz edilməyəcək.

Maskın sözlərinə görə, sahibkarlar üçün bir robototaksinin qiyməti 30 000 dollar təşkil edəcək. Xidmətdən istifadə edən sərnişinlər isə səfərin hər mili (təxminən 1,6 kilometr) üçün 30-40 sent ödəyəcəklər.