Almaniyada evlərdə demək olar kondisioner yoxdur – SƏBƏB

Almaniyada son beş ildə kondisionerlərə tələbat 75 faiz artsa da, ölkədəki yaşayış evlərinin böyük əksəriyyəti hələ də güclü isti hava şəraitinə uyğunlaşdırılmayıb. Mütəxəssislər bildirirlər ki, problem təkcə binaların quruluşunda deyil, həm də hüquqi və iqtisadi məhdudiyyətlərdədir.

ABŞ-da ev təsərrüfatlarının təxminən 90 faizində kondisioner olduğu halda, bu göstərici Avropada orta hesabla 20 faiz, Almaniyada isə cəmi 6 faiz təşkil edir.

Almaniyada niyə kondisioner azdır?

Mütəxəssislər bunun bir neçə səbəbini göstərirlər. İlk növbədə, Almaniyada yaşayış binaları qışda istiliyi qorumaq üçün layihələndirilib, yayda sərinliyi təmin etmək isə əsas prioritet olmayıb.

Digər tərəfdən, ölkə əhalisinin təxminən yarısı kirayə mənzillərdə yaşayır. Bu isə kirayəçilərin ev sahibinin razılığı olmadan bahalı təmir işləri və kondisioner quraşdırması aparmasını çətinləşdirir.

Bundan əlavə, Avropa üzrə keçirilən sorğuda respondentlərin 38 faizi enerji qiymətlərinin artması səbəbindən evlərini soyutmaq üçün əlavə xərc çəkməyə maddi imkanlarının olmadığını bildirib.

İqlim dəyişikliyi vəziyyəti ağırlaşdırır

ClimaMeter tədqiqat tərəfdaşlığının təhlilinə görə, 2026-cı ilin iyun ayında temperatur XX əsrin sonundakı analoji hava şəraiti ilə müqayisədə təxminən 2-4 dərəcə yüksək olub.

BMT də bildirir ki, Qərbi Avropada müşahidə olunan ekstremal istilər iqlim modellərinin əvvəlcədən proqnozlaşdırdığından daha sürətlə artır.

Eurovent sənaye assosiasiyasının nümayəndəsi Sten Rennebuq qeyd edib ki, hər il Avropada on minlərlə insan isti hava səbəbindən həyatını itirir.

Onun sözlərinə görə, qışda istilik sistemi zəruri hesab edildiyi halda, yayda soyutma hələ də lüks kimi qəbul olunur. Halbuki binaları təhlükəsiz şəkildə sərin saxlamaq artıq sosial və ictimai sağlamlıq məsələsinə çevrilməkdədir.

Ekoloji narahatlıqlar da var

Hazırda dünyada soyutma sistemləri ümumi elektrik enerjisi istehlakının təxminən 10 faizini təşkil edir. Kondisionerlər işləyərkən xaricə isti hava ötürdüyü üçün şəhərlərdə temperaturun daha da yüksəlməsinə səbəb ola bilir.

Bununla belə, mütəxəssislər hesab edirlər ki, Avropanın bərpa olunan enerji mənbələrinə keçidi gələcəkdə bu problemin təsirini azalda bilər.

Alternativ həll yolları təklif olunur

Mütəxəssislər kondisionerlərlə yanaşı, istilik nasosları, ağıllı havalandırma sistemləri, kölgələndirmə üsulları, yaşıllıq zolaqlarının artırılması və bütöv yaşayış məhəllələrinin yeraltı boru sistemləri vasitəsilə mərkəzləşdirilmiş şəkildə soyudulmasını alternativ həll kimi göstərirlər. Bu sistemlər artıq Paris, Stokholm və Kopenhagen kimi şəhərlərdə tətbiq olunur.

Bundan başqa, süni intellektlə işləyən yeni texnologiyaların kondisionerlərin enerji səmərəliliyini 40 faizə qədər artıracağı gözlənilir.

Londonda bəzi kondisionerlər sökülür

Bu arada Böyük Britaniyada maraqlı vəziyyət yaranıb. Londonda bəzi ev sahiblərinə 40 dərəcəyə çatan isti havaya baxmayaraq kondisionerlərini sökmək göstərişi verilib.

Yerli hakimiyyət bunu iqlim qanunvericiliyi ilə əsaslandırır. Qaydalara görə, aktiv soyutma sistemlərindən yalnız bütün passiv soyutma üsulları, məsələn, pəncərələrin açılması və ventilyatorlardan istifadə nəticə vermədikdə istifadə oluna bilər.

Belə hallardan birində Şimali Londonda yaşayan sakin işlək vəziyyətdə olan iki kondisionerini sökməyə məcbur olub. Onun təhlükəsizliklə bağlı narahatlığına cavab olaraq isə nəzarət orqanları riskin o qədər də yüksək olmadığını bildiriblər.