İsinbayevanın bank hesabları bloklandı – Bu qədər borcu var

İkiqat Olimpiya çempionu Yelena İsinbayevanın Rusiyanın 11 bankındakı hesablarına məhdudiyyət qoyulub. Buna səbəb idmançının təxminən 20 min rubl vergi borcunun olmasıdır.

Bu barədə Rusiyanın “Gazeta.ru” nəşri məlumat yayıb.

Məlumata görə, Rusiyanın Federal Vergi Xidməti 3 noyabr 2026-cı ildə İsinbayevanın bank hesabları üzrə əməliyyatların dayandırılması barədə qərar qəbul edib. Məhdudiyyətlər borc tam ödənilənədək qüvvədə qalacaq. Bu müddətdə hesabdakı vəsaitlərdən sərbəst istifadə etmək mümkün olmasa da, borcun tutulması üçün pul vəsaitlərinin silinməsi həyata keçirilə bilər.

Hazırda İspaniyada yaşayan keçmiş idmançı üçün bu, ilk belə hal deyil. Nəşrin yazdığına görə, son illərdə onun Rusiyadakı hesabları vergi borcları və gecikmə faizlərinə görə mütəmadi olaraq bloklanıb.

Belə ki, 2026-cı ilin iyununda İsinbayevanın vergi orqanlarına 705 min rubldan çox borcu olduğu bildirilmişdi. Bir ay sonra isə məhkəmə icraçıları Volqoqrad vilayətindəki bağ sahəsi ilə bağlı ödənişlər və gecikmə faizlərinə görə ondan təxminən 55 min rubl tutublar.

2025-ci ildə də idmançının hesablarına bir neçə dəfə məhdudiyyət qoyulub. Həmin ilin iyununda borcun məbləği təxminən 818 min rubl təşkil edib. Borcun 514 min rublunun ödənilməsindən sonra məhdudiyyətlər aradan qaldırılıb. Avqustda isə təxminən 283 min rubl borca görə hesabları yenidən bloklanıb və borc bağlandıqdan sonra açılıb.

Qeyd edək ki, Yelena İsinbayeva 2004 və 2008-ci illərdə Olimpiya çempionu olub, 2012-ci il London Olimpiadasında isə bürünc medal qazanıb. O, açıq havada üç, qapalı məkanlarda isə dörd dəfə dünya çempionu olub. Karyerası ərzində 28 dünya rekordu müəyyənləşdirib.

İsinbayeva 2016-2024-cü illərdə Beynəlxalq Olimpiya Komitəsinin İdmançılar Komissiyasının üzvü olub. 2024-cü ildən etibarən əsasən İspaniyanın Tenerife adasında yaşayır.