Mobil nömrələrin müəyyən müddət istifadə edilmədikdə və ya balans artırılmadıqda ləğv edilərək sonradan başqa şəxslərə təqdim edilməsi vətəndaşların şəxsi məlumatlarının və rəqəmsal təhlükəsizliyinin qorunması baxımından ciddi suallar doğurur.
Müasir dövrdə mobil nömrələr yalnız rabitə vasitəsi deyil. Bank hesabları, WhatsApp, sosial şəbəkələr, elektron poçt və digər rəqəmsal platformalarla əlaqələndirilən nömrələr istifadəçilərin identifikasiyasında və hesablarına girişində mühüm rol oynayır.
Bu səbəbdən nömrənin başqa şəxsə verilməsi əvvəlki abunəçinin şəxsi hesabları və məlumatları üçün potensial təhlükələr yarada bilər.
Məsələ bir neçə gün əvvəl Milli Məclisin plenar iclasında da gündəmə gətirilib. Deputat Razi Nurullayev mobil nömrələrin ləğvi və təkrar istifadəyə verilməsi ilə bağlı mövcud problemlərə diqqət çəkib.
Bəs təkrar istifadəyə verilən mobil nömrələr əvvəlki abunəçilərin şəxsi hesabları üçün hansı təhlükələri yaradır?
Yeni nömrə sahibi əvvəlki istifadəçinin hesablarına çıxış əldə edə bilərmi və bu prosesdə mobil operatorların məsuliyyəti nədən ibarətdir?
Moderator.az məsələ ilə bağlı mobil operatorların tətbiq etdiyi qaydaları, təhlükəsizlik mexanizmlərini və mütəxəssislərin mövqeyini araşdırıb.
Araşdırma çərçivəsində Azercell şirkətinə rəsmi sorğu ünvanlayaraq mobil nömrələrin hansı qaydalar əsasında ləğv edildiyi, abunəçilərin bu barədə əvvəlcədən necə məlumatlandırıldığı və nömrənin saxlanılması üçün əlavə müddət və ya imkanın yaradılıb-yaradılmadığı ilə maraqlandıq.
Həmçinin nömrə başqa abunəçiyə təqdim edildikdən sonra əvvəlki istifadəçinin həmin nömrə ilə əlaqəli WhatsApp, bank, sosial şəbəkə və digər elektron hesabları baxımından yarana biləcək təhlükəsizlik risklərinin necə tənzimləndiyi barədə suallar ünvanladıq.
Lakin Azercell şirkəti redaksiyamızın rəsmi sorğusunu cavablandırmayıb.
Bəs mobil nömrələrin təkrar istifadəyə verilməsi hansı kibertəhlükəsizlik risklərini yaradır?
Məsələnin texniki tərəfini aydınlaşdırmaq üçün kibertəhlükəsizlik üzrə mütəxəssis Fərid Əmirovun fikirlərini öyrəndik.

Mütəxəssis qeyd edib ki, mobil nömrələrin təkrar istifadəyə verilməsi (qeyri-aktiv və ya istifadədən çıxmış nömrələrin yeni abunəçilərə satılması) rəqəmsal təhlükəsizlik və məxfilik baxımından ciddi real təhdidlər yaradır:
“Bu təcrübə hazırda bütün dünyada, o cümlədən Azərbaycanda kibertəhlükəsizlik mütəxəssislərinin ən çox narahatlıq doğuran mövzularından biridir.
Mobil nömrələr artıq sadəcə səsli ünsiyyət vasitəsi deyil, demək olar ki, bütün rəqəmsal xidmətlər üçün unikal rəqəmsal pasport rolunu oynayır. Nömrə təkrar satışa çıxarıldıqda aşağıdakı təhlükəsizlik boşluqları yaranır:
• SMS vasitəsilə Hesabın Ələ Keçirilməsi (Account Takeover – ATO): Əksər onlayn xidmətlər iki mərhələli autentifikasiya (2FA) və ya şifrə bərpası üçün SMS təsdiq kodlarından istifadə edir. Yeni sahib həmin nömrə ilə qeydiyyatdan keçməyə və ya “Şifrəni unutdum” düyməsini sıxmağa çalışdıqda, təsdiq kodu birbaşa onun telefonuna gəlir.
• Məlumatların Sızması və İdentifikasiya Oğurluğu: Yeni nömrə sahibinin əvvəlki şəxsin adından müxtəlif platformalarda yazışması, sifarişlər verməsi və ya maliyyə əməliyyatları aparması mümkündür. -Yeni istifadəçi əvvəlki sahibin hesablarına (WhatsApp, sosial şəbəkə, e-poçt, bank) giriş əldə edə bilərmi? Bəli, təəssüf ki, bu, tamamilə mümkündür və praktikada tez-tez baş verir:
• Yeni nömrə sahibi həmin nömrə ilə WhatsApp quraşdırdıqda, sistem ona SMS vasitəsilə təsdiq kodu göndərir. Kod daxil edildikdən sonra o, WhatsApp-a daxil olur. Əgər əvvəlki sahib iki addımlı yoxlamanı (Two-Step Verification) aktivləşdirməyibsə, yeni istifadəçi bütün köhnə söhbətlərə, qruplara və əlaqələrə giriş əldə edə bilər.
Sosial Şəbəkələr (Instagram, Facebook, TikTok və s.): Əgər həmin sosial şəbəkə hesablarında nömrə əsas bərpa vasitəsi kimi qeydiyyatdadırsa və e-poçt ünvanı köhnəlibsə və ya qorunmursa, şifrəni sıfırlamaq vasitəsilə hesabı tamamilə ələ keçirmək mümkündür. Bir çox poçt xidmətləri bərpa nömrəsi kimi mobil telefondan istifadə edir. E-poçt ələ keçirildikdə isə həmin şəxsin bağlı olduğu bütün digər xidmətlərə dominos effekti ilə giriş təmin edilir.
Bankların əksəriyyəti müştəri məlumat bazasını yeniləsə də, bəzi onlayn mikrofiinans, ödəniş sistemləri və ya tətbiqlərdə nömrə dəyişikliyi vaxtında edilməyibsə, maliyyə riski yaranır. Lakin əksər banklar nömrə dəyişikliyi zamanı əlavə şəxsiyyət təsdiqi tələb etdiyi üçün birbaşa bank hesabına giriş nisbətən çətindir, lakin imkansız deyil.
Mobil operatorlar bu riskləri minimuma endirmək üçün aşağıdakı qabaqcıl mexanizmləri həyata keçirdə bilər -Karantin Müddəti: Bir nömrə abunəçi tərəfindən bağlandıqdan və ya ləğv edildikdən sonra dərhal satışa çıxarılmamalıdır. Nömrə ən azı 6 aydən 1 ilə qədər karantində saxlanılmalı, bu müddət ərzində həmin nömrəyə gələn bütün SMS və zəngtrafiklər bloklanmalıdır ki, əlaqəli xidmətlər həmin nömrənin deaktiv olduğunu anlasın.
• Operatorlar nömrəni təkrar satışa hazırlayarkən, həmin nömrə ilə əlaqəli məlum texnoloji platformalara (populyar messencerlər və sosial şəbəkələr üzrə API inteqrasiyaları vasitəsilə) nömrənin sahibinin dəyişdiyinə dair avtomatik siqnallar göndərməlidirlər.
Yeni müştəriyə nömrə satılarkən onun əvvəllər başqası tərəfindən istifadə olunduğu barədə şəffaf məlumat verilməli və müəyyən müddət ərzində maliyyə xidmətləri ilə bağlı əməliyyatlara qarşı əlavə təhlükəsizlik yoxlamaları tətbiq edilməlidir.
Əvvəlki abunəçilər öz hesablarını və şəxsi məlumatlarını qorumaq üçün hansı addımları atmalıdırlar? Nömrənizi dəyişdirərkən, operatoru yenilədikdə və ya nömrənin istifadəsindən imtina etdikdə aşağıdakı profilaktik tədbirləri görmək həyati əhəmiyyət daşıyır:
• Nömrəni Bağlamazdan Əvvəl Əlaqələri Ləğv Edin: Hər hansı bir nömrəni imtina etməzdən əvvəl həmin nömrəyə bağlı bütün sosial şəbəkə, e-poçt, bank və tətbiq hesablarınıza daxil olaraq nömrəni silin və ya yeni nömrənizlə əvəz edin.
• WhatsApp və Digər Messencerlərdə Hesabı Silin: WhatsApp-da Parametrelər > Hesab > Hesabımı sil menyusundan istifadə edərək nömrəni tamamilə tətbiqdən ayırın. Sadəcə tətbiqi silmək kifayət deyil, hesab buluddan və serverdən həmin nömrə üçün təmizlənməlidir.
• İki Mərhələli Doğrulama (2FA) Aktivləşdirin: Bütün vacib hesablarınızda (xüsusilə sosial şəbəkə və e-poçt) yalnız SMS-ə deyil, həm də autentifikasiya tətbiqlərinə (Google Authenticator, Bitwarden və s.) əsaslanan 2FA quraşdırın.
• Bank və Rəsmi Qurum Məlumatlarını Yeniləyin: Nömrə dəyişikliyi baş verən kimi dərhal istifadə etdiyiniz banklara, dövlət xidmətləri portallarına (şəxsi kabinetlərə) müraciət edərək əlaqə nömrənizi yeniləyin”.
Bəs nömrənin təkrar istifadəyə verilməsi zamanı hüquqi məsuliyyət kimə aiddir?
Mövzu ilə bağlı Moderator.az-a Hüquqi-Sosial Yardım və Maarifləndirmə İctimai Birliyinin sədri, hüquqşünas Fariz Əkbərov açıqlama verib.

Hüquqşünas qeyd edib ki, şəxsi məlumatların qorunması və yayılması hüquqi baxımdan çox önəmli mövzudur:
“Mobil nömrələrin istifadədən çıxarılaraq sonradan başqa şəxslərə satılması və ya verilməsi vətəndaşların şəxsi məlumatlarının təhlükəsizliyi ilə bağlı müəyyən risklər yarada bilər.
Xüsusilə bank tətbiqləri, sosial şəbəkələr, elektron poçt və müxtəlif onlayn xidmətlərdə hesabların telefon nömrəsinə bağlı olması nömrə satıldıqda və ya dəyişdirildikdə əlavə təhlükəsizlik tədbirlərinin görülməsini zəruri edir. Əks halda əvvəlki nömrənin yeni sahibinin bəzi hesablara giriş və ya şifrə bərpası imkanından istifadə etməsi riski yarana bilər.
Məsələn:
İnternet bankçılığı; elektron poçt; sosial media; çatdırılma xidmətləri; hələ də köhnə nömrəyə bağlı qala bilər. Yeni istifadəçi həmin nömrəni əldə etdikdə müxtəlif təsdiq mesajları ala bilər.
Məxfilik problemləri
Bəzən yeni abonentə əvvəlki sahibin reklam mesajları gəlir, müxtəlif şirkətlərdən bildirişlər, hətta şəxsi zənglər gəlməyə davam edir.
Bu isə şəxsi məlumatların qorunması baxımından müəyyən risklər yaradır”.



