Gəncə Dövlət Universitetinin nəzdində Regional Kollecdə 8 Noyabr – Zəfər Gününün 6-cı ildönümünə həsr olunmuş təntənəli tədbir keçirilib.
Tədbirdə kollecin direktoru Nigar Səfixanova qonaqları salamlayaraq, 44 günlük Vətən müharibəsində Azərbaycan xalqının nümayiş etdirdiyi milli birlikdən, Müzəffər Azərbaycan Ordusunun qəhrəmanlığından və tarixi Zəfərin qazanılmasında şəhidlərimizin, qazilərimizin göstərdiyi misilsiz fədakarlıqlardan bəhs edib.
Direktor çıxışında Zəfər Gününün gənc nəslin vətənpərvərlik ruhunda tərbiyəsində, milli-mənəvi dəyərlərin qorunmasında və tarixi yaddaşın yaşadılmasında mühüm əhəmiyyət daşıdığını vurğulayıb. O, şəhid ailələrinə və qazilərə dərin ehtiramını ifadə edərək, kollecdə bu kimi tədbirlərin keçirilməsinin gənclərin Vətənə bağlılıq hissinin gücləndirilməsinə xidmət etdiyini bildirib.
Daha sonra Gəncə Şəhər İcra Hakimiyyətinin nümayəndəsi Yadigar Bədəlov, şəhid anaları və müxtəlif idarə-müəssisələrin rəhbərləri çıxış edərək Zəfər Gününün tarixi əhəmiyyətindən, xalq-ordu birliyindən və qəhrəmanlarımızın şərəfli döyüş yolundan danışıblar. Şəhid analarının çıxışları tədbir iştirakçıları tərəfindən böyük ehtiram və kövrək duyğularla qarşılanıb.
Tədbir çərçivəsində kollecin tələbələrinin iştirakı ilə Zəfər Gününə həsr olunmuş flaşmobun görüntüləri nümayiş etdirilib. Tələbələrin hazırladığı təqdimat milli həmrəyliyi, Zəfər sevincini və gənclərin Vətənə bağlılığını əks etdirib.
Tədbirin bədii hissəsində kollecin tələbələri və məzunu, akademik opera ifaçısı, respublika və beynəlxalq müsabiqələr laureatı Altun Süleymanovda çıxış ediblər. Bədii proqram çərçivəsində vətənpərvərlik ruhunda musiqi nömrələri, mahnılar və səhnə kompozisiyaları təqdim olunub.
Bədii proqram kollecin tələbə və müəllimlərinin ifaları ilə davam edərək tədbirə xüsusi rəng qatıb.
Tədbir xalqımızın Zəfər qürurunu, şəhidlərimizin əziz xatirəsinə ehtiramı və qazilərimizin qəhrəmanlığına minnətdarlığı ifadə edən mənəvi dəyəri yüksək bir proqram kimi yadda qalıb.
Zəfər bizim qürurumuz, şəhidlərimizin əbədiyaşar xatirəsi isə milli yaddaşımızın ən müqəddəs səhifəsidir!
SEHERQAZETİ.AZ
XÜSUSİ MÜXBİRİ ALTUN SÜLEYMANOV













