Trampdan İrana növbəti təhdid: Tezliklə öyrənəcəksiniz

ABŞ Prezidenti Donald Tramp İranla bağlı növbəti sərt bəyanatı ilə gündəmə gəlib.

Ağ Evdə jurnalistlərin suallarını cavablandıran dövlət başçısı Tehranla qarşıdurmanın daha da genişlənə biləcəyini istisna etməyib.

Tramp administrasiyasının yeddi ay ərzində Hörmüz boğazı üzərində tam nəzarət əldə etdiyini və bu müddətdə cəmi 18 itki verdiyini iddia edib. O, İranla məhdud toqquşmaların hələ də davam etdiyini, pilotsuz uçuş aparatlarının hücumlarının isə qarşısının alındığını bildirib.

ABŞ lideri çıxışında 1979-cu il hadisələrini xatırladaraq münaqişənin başlanmasına görə İranı məsul tutub. Vaşinqtonun bundan sonrakı addımları ilə bağlı danışan Tramp ölkəyə qarşı daha genişmiqyaslı hərbi əməliyyatların mümkünlüyünə işarə edib:

“Müharibəni onlar başlatdılar, yəqin ki, 1979-cu ildə. İrana qarşı daha da irəli gedib-getməyəcəyimizə gəlincə, mümkünsə ölkənin qalan hissəsini məhv etmək istəmirəm, amma bəlkə də, etməli olacağam. Tezliklə öyrənəcəksiniz”.

Prezident İranın yenidən bərpasının təxminən 25 il vaxt aparacağını da söyləyib. O, ABŞ-ın vəziyyətin növbəti mərhələsinə hazır olduğunu və zərurət yaranacağı təqdirdə əlavə addımlar atmaq imkanına malik olduğunu vurğulayıb.