Ən çox hansı çimərliklərdə boğulma təhlükəsi var?

“İndi suya girdiyimiz sahil əraziləri bir neçə il əvvəl dənizin az qala ortası idi. Ona görə də dənizdə bu qədər çox boğulma hadisəsi baş verir”.

Bu sözləri Bakı Dövlət Universitetinin Hidrogoelogiya və mühəndis geologiyası kafedrasının baş müəllimi Allahverdi Tağıyev deyib.

Mütəxəssis bildirir ki, son vaxtlar dənizə girən şəxslərin qəfildən dərinliyə düşməsinin əsas səbəbi Xəzər dənizinin suyunun çəkilməsidir. Allahverdi Tağıyevin sözlərinə görə, boğulma hallarının baş verməsində insan amili və hava şəraiti ilə yanaşı, dəniz dibinin geoloji quruluşu, sahilboyu relyef və hidrodinamik şərait də mühüm rol oynayır.

Hidrogeoloq xüsusilə bəzi çimərliklərdəki təhlükəli zonalara diqqət çəkib:

“Bilgəh və Mərdəkanda dəniz dibi relyefində çökəkliklərin əmələ gəlməsi, Novxanı çimərliyində isə sahildən bir qədər aralı birdən-birə dərinləşmənin baş verməsi boğulma təhlükəsini kəskin şəkildə artırır”.