“Buludlar illərlə Yer kürəsini həddindən artıq istiləşmədən qoruyub: indi nə dəyişə bilər?” – Elmi araşdırma

Aşağı buludların azalması qlobal istiləşməni sürətləndirə bilər

Alimlər bildirir ki, son onilliklərdə aşağı buludların artması Yer kürəsinin istiləşməsini qismən zəiflədib. Lakin gələcəkdə bu proses əks istiqamətə dəyişə və qlobal istiləşməni daha da sürətləndirə bilər.

Bu barədə “New Scientist” nəşri yazıb.

Nəşr yazır ki, Kolumbiya Universitetinin alimləri Qreqori Çezana və Assiya Aruf 1979-cu ildən başlayan peyk müşahidələri əsasında aşağı buludların sahəsindəki dəyişiklikləri araşdırıblar. Buludlar həm soyuducu, həm də istiləşdirici təsir göstərə bilər. Yuxarı atmosferdəki nazik buludlar istiliyi saxlayır, aşağı və sıx buludlar isə Günəş şüalarını əks etdirərək planetin soyumasına kömək edir.

Buludların qoruyucu təsiri zəifləyə bilər

Araşdırmaya görə, 1979-cu ildən bəri aşağı buludların genişlənməsi Yer səthindən kosmosa əks olunan enerjinin hər kvadratmetr üçün 0,32 vat artmasına səbəb olub. Müqayisə üçün, insan fəaliyyəti hazırda planetin hər kvadratmetr üçün təxminən 2,72 vat istiləşməsinə səbəb olur. “Buludlar faktiki olaraq istiləşməyə qarşı təsir göstərir”, – deyə Çezana bildirib.

Alimlər müəyyən edib ki, Sakit okeanın şərq hissəsində aşağı buludların sahəsi hər onillikdə təxminən 0,18 faiz artıb. Buna həmin bölgənin daha yavaş isinməsi və buludların daha uzun müddət qalmasına imkan verən atmosfer şəraiti səbəb olub.

Qlobal istiləşmə daha da sürətlənə bilər

Tədqiqatçılar hesab edir ki, Sakit okeanın şərq hissəsi gələcəkdə daha sürətlə isinməyə başlayacaq. Daha isti və quru hava aşağı buludların sayını azalda və onların soyuducu təsirini zəiflədə bilər. Alimlər bildirir ki, bu prosesin ilk əlamətləri artıq müşahidə olunur.

2003-cü ildən etibarən dünyada aşağı buludların azalması qeydə alınıb və qlobal istiləşmənin sürətlənməsinin səbəblərindən biri də bu ola bilər. Tədqiqatçılara görə, əgər aşağı buludların artımı əks istiqamətə dəyişərsə, Yer kürəsinin istiləşməsi əlavə olaraq sürətlənə bilər.

Qeyd edək ki, yaxın vaxtlarda Antarktidadakı Konkordiya elmi stansiyasında son 14 ilin ən aşağı temperaturu qeydə alınıb. Temperatur mənfi 84,1 dərəcəyə düşüb. Alimlərin sözlərinə görə, bu, 2012-ci ildən bəri planetdə qeydə alınan ən aşağı göstəricidir və stansiyanın mütləq rekordundan cəmi 0,5 dərəcə yüksəkdir.