ABŞ-də Ohayo Universitetinin alimləri müəyyən ediblər ki, cəmi üç gün yüksəkyağlı pəhriz yaşlı siçanlarda beyin iltihabına və yaddaş problemlərinə səbəb ola bilər.
Araşdırmanın nəticələri “Immunity & Aging” jurnalında dərc olunub.
Tədqiqatçılar eksperiment çərçivəsində gənc və yaşlı siçovulları üç gün və ya üç ay ərzində yüksəkyağlı qida ilə bəsləyiblər. Alimlər qeyri-sağlam qidalanmanın mənfi təsirlərinin nə qədər tez özünü göstərdiyini anlamağa çalışıblar.
Gözlənildiyi kimi, yağlı qidaların uzunmüddətli istifadəsi (üç ay) metabolik pozğunluqlar, bağırsaq iltihabı və mikrobiotanın tərkibində dəyişikliklərlə nəticələnib.
Bununla belə, qısamüddətli yüksəkyağlı pəhriz maddələr mübadiləsində və ya mədə-bağırsaq funksiyasında əhəmiyyətli dəyişikliklərə səbəb olmayıb.
Beynin təhlili gözlənilməz nəticələri aşkarlayıb: üç gün ərzində artıq yağ qəbul edən yaşlı siçovullarda iltihab və yaddaş pozğunluğu əlamətləri müşahidə edilib. Lakin gənc heyvanların sağlamlıq vəziyyətində belə dəyişikliklər müşahidə edilməyib.
Alimlər qeyd edirlər ki, yaş artdıqca beyin sağalma qabiliyyətinin azalması səbəbindən iltihaba daha həssas olur. Buna görə də, qeyri-sağlam pəhriz yaşlı insanların koqnitiv vəziyyətini əhəmiyyətli dərəcədə pisləşdirə bilər.