Bölgələrdə iqtisadi subyektlərin yaradılması əhalinin rifahına müsbət təsir göstərəcək

0
220

Müstəqilliyini əldə etdikdən sonra Azərbaycanda dövlət quruculuğu və iqtisadiyyatın şaxələndirilməsi istiqamətində ardıcıl işlər görüldü. Azərbaycan dünya arxitekturasının dəyişdiyinin müşahidə olunduğu bir zamanda, xüsusilə də dördüncü sənaye inqilabının gətirdiyi yeni çağırışlar fonunda, pandemiyanın səngidiyi və postmüharibə dövründə yeni bir inkişaf mərhələsinə qədəm qoydu.

Bu gün Azərbaycanda müşahidə etdiyimiz vacib məsələlərdən biri də ölkə iqtisadiyyatının Prezident İlham Əliyevin rəhbərliyi dövründə dəfələrlə böyüməsi, əhalinin nominal gəlirlərinin 10 dəfə, ümumi daxili məhsulun (ÜDM) istehsalının 2003-cü illə müqayisədə 8,3 dəfə artması, eləcə də cari ilin dövlət büdcəsinin xərc hissəsinin təqribən 29 mlrd manat təşkil etməsidir. 

Qlobal arenada baş verən iqtisadi cəhətdən əsaslandırılmamış hadisələri nəzərə almasaq ölkəmiz eyni zamanda dünya iqtisadiyyatına uğurla inteqrə edilməkdədir. Ölkə iqtisadiyyatının davamlı olaraq şaxələndirilməsi, qeyri-neft sektorunun çəkisinin artması və inkişaf etdirilməsi ilə yanaşı, neftdən asılılığın aradan qaldırılması istiqamətində böyük işlər görülməkdədir. Dövlət Neft Fondundan dövlət büdcəsinə olunan transfertlərin ildən-ilə azalması göz qabağındadır. Bu ilin altı ayı ərzində qeyri-neft sektorunda müşahidə olunan müsbət dinamika Dövlət Neft Fondunun aktivlərindən qənaətlə istifadə etməyə imkan yaradıb.

Eyni zamanda Azərbaycanın iqtisadi asılılığının günü-gündən aşağı düşməsi xarici borcumuzun azalması ilə də şərtlənir. Belə ki, bu gün xarici dövlət borcumuz ÜDM-nin 11,7 faizini təşkil edir. Həyata keçirilən bu məqsədyönlü siyasətin əsas fəlsəfəsi Azərbaycanın malik olduğu öz potensial və daxili imkanlarını daha da genişləndirməsinə yönəlib. 

Qarşıya qoyulan hədəflərə nail olmaq üçün bu gün kənd təsərrüfatı sahəsində dövlət tərəfindən müəyyən olunmuş sahibkarlara göstərilən dəstək daha da artırıla bilər. Onların fəaliyyətinin monitorinqini və əlaqələndirilməsini aparmaqla qısa zamanda əhalinin kənd təsərrüfatı məhsullarına tələbatının daxili istehsal hesabına tam ödənilməsi təmin ediləcək.

Həmçinin ölkədə mövcud olan turizm potensialının düzgün istifadə olunmaqla bütün istiqamətlərdə müasirləşdirilməsi turizm sahəsinin dövlət büdcəsinin formalaşmasına, habelə ÜDM-də payının artmasında rolunu daha da artıracaqdır. 

12 avqust 2022-ci il tarixində Prezident İlham Əliyevin Qobustan, İsmayıllı və Ağsu rayonlarına səfərləri çərçivəsində açılışlarında iştirak etdiyi obyektlərin gələcək fəaliyyəti bilavasitə ölkə iqtisadiyyatının, xüsusilə də turizm siyasəti və sahibkarlığın inkişafına dəstək olacaqdır. Basqalda istifadəyə verilmiş və 179 otaqdan ibarət otel region əhalisinin ictimai-mədəni və sosial həyatına da müsbət təsir göstərməklə yanaşı, bölgənin turizm potensialını daha da gücləndirəcəkdir.

Regionlarda xüsusilə işsizliyin aradan qaldırılması, habelə büdcə yükünün azaldılmasına yönəlik iqtisadi subyektlərin açılması ölkə iqtisadiyyatının dayanıqlı inkişafının göstəricilərindəndir.

Səfər çərçivəsində ölkə başçısı Ağsu şəhərindəki Bayraq meydanında Gənc Sənətkarlar Mərkəzinin və Dövlət Rəmzləri Muzeyinin də açılışında iştirak etdi. Azərbaycanın dövlət atributlarını, habelə mədəni həyatını müasir çağırışlarla zənginləşdirən muzeylərin, mərkəzlərin açılışlarının edilməsi gələcək nəsillər qarşısında Azərbaycanın dövlətçilik ənənələri və tarixinin yüksək səviyyədə təbliğ olunmasına böyük töhfədir.

Həyata keçirilən bütün tədbirlər iqtisadi artım tempini qoruyub saxlamaqla yanaşı, cəmiyyəti bu gün daha çox narahat edən işsizlik probleminin həll olunmasının vacibliyini ortaya qoyur, habelə həyat üçün vacib bütün sahələrin hər zaman ölkə başçısının tam nəzarəti altında olduğunu bir daha sübut edir.