“Uzunömürlülüyün sirri: 60 yaşdan sonra sağlam qalan insanları birləşdirən vərdişlər” – Araşdırma

Uzun ömrün əsasında nə dayanır?

Alimlər uzun illərdir dünyanın “mavi zonaları” adlandırılan bölgələrini araşdırırlar. Bunlar Yaponiyanın Okinava adası, İtaliyanın Sardiniya adası, Yunanıstanın İkariya adası, Kosta-Rikanın Nikoya yarımadası və ABŞ-nin Kaliforniya ştatındakı Loma Linda icmasıdır.

Bu barədə “naukatv.ru” nəşri yazıb.

Nəşr yazır ki, bu bölgələrdə insanlar nəinki daha uzun ömür yaşayır, həm də qocalığa qədər aktiv həyat tərzi sürürlər. Tədqiqatçıların qənaətinə görə, uzunömürlülüyün sirri bahalı əlavələrdə və ya yalnız genetikada deyil, hər kəsin mənimsəyə biləcəyi gündəlik vərdişlərdədir.

Daimi hərəkət və sadə qidalanma

“Mavi zonalar”ın sakinləri ağır idman məşqləri etmir. Onlar gün ərzində piyada gəzir, bağda işləyir, ev işləri ilə məşğul olur və beləliklə, müntəzəm fiziki aktivliyi həyatlarının bir hissəsinə çevirirlər. Mütəxəssislər həftədə beş gün təxminən 30 dəqiqə orta intensivlikli hərəkətin sağlamlıq üçün kifayət etdiyini bildirir.

Qidalanmanın əsasını isə tərəvəzlər, paxlalılar, tam taxıllar və digər bitki mənşəli məhsullar təşkil edir. Ət az miqdarda və əsasən xüsusi günlərdə yeyilir. Okinavada geniş yayılmış “hara haçi bu” prinsipi isə insanın doyma hissi tam yaranmadan, təxminən 80 faiz tox olduqda yeməyi dayandırmasını tövsiyə edir.

Güclü sosial əlaqələr və həyat məqsədi

Araşdırmalar göstərir ki, uzunömürlülükdə ailə və dostlarla möhkəm münasibətlər mühüm rol oynayır. Məsələn, Okinavada insanlar ömürboyu bir-birinə dəstək olan dost qruplarında birləşirlər. Alimlər qeyd edir ki, sağlam həyat tərzi də ətraf mühit kimi “yoluxucudur” – sağlam vərdişlərə malik insanlarla ünsiyyət bunu qorumağı asanlaşdırır.

Digər vacib amil isə həyat məqsədinin olmasıdır. İstər nəvələrə qayğı, istər bağçılıq, istərsə də cəmiyyətə xidmət – insanın hər səhər oyanmaq üçün bir səbəbi olması həm psixoloji, həm də fiziki sağlamlığa müsbət təsir göstərir.

Stresin idarə olunması da vacibdir

“Mavi zonalar”da yaşayan insanlar stresi dua, meditasiya və ya digər gündəlik mənəvi ritual və ənənələr vasitəsilə azaltmağa çalışırlar. Tədqiqatçılar hesab edir ki, bu vərdişlər apatiya və depressiya riskini azaldaraq sağlam qocalmağa kömək edir.

Mütəxəssislərin fikrincə, daha çox hərəkət etmək, sadə və bitki mənşəli qidalara üstünlük vermək, sağlam sosial münasibətlər qurmaq və həyatda məqsəd hissini qorumaq uzun və sağlam ömür üçün ən vacib amillərdən sayılır.