Təbii fəlakətlərdə daha çox kim ölür? – kişilər, yoxsa qadınlar

Təbii fəlakətlərin hər kəs üçün eyni dərəcədə təhlükəli olduğu düşünülsə də, uzun illərin statistikası bunun əksini göstərir.

Araşdırmalara görə, genişmiqyaslı təbii və texnogen fəlakətlər zamanı qadınlar kişilərlə müqayisədə daha çox həyatını itirir. Alimlər hesab edirlər ki, bunun səbəbi bioloji fərqlər deyil, cəmiyyətdə mövcud olan sosial bərabərsizlik və həyat tərzidir.

Araşdırma 141 ölkəni əhatə edib

Alimlər Erik Noymayer və Tomas Plyumper 141 ölkədə baş vermiş təbii fəlakətlərin nəticələrini təhlil ediblər. Əldə olunan nəticələr diqqətçəkəndir.

1991-ci ildə Banqladeşdə baş verən dağıdıcı siklon 140 min insanın həyatına son qoyub və ölənlərin 90 faizini qadınlar təşkil edib.

2004-cü ildə Hind okeanında baş verən sunami zamanı isə İndoneziya və Şri-Lankada həyatını itirənlərin 70-80 faizi qadın olub. ABŞ-da “Katrina” qasırğası zamanı da Yeni Orleandan vaxtında təxliyə oluna bilməyən insanların təxminən 80 faizi qadınlar idi.

Qadınların daha çox həlak olmasının əsas səbəbləri

Tədqiqat müəllifləri bunun bir neçə əsas səbəbinin olduğunu bildirirlər. Onların sözlərinə görə, qadınlar təhlükə zamanı ilk növbədə özlərini deyil, uşaqlarını, yaşlı valideynlərini və digər yaxınlarını xilas etməyə çalışırlar. Bu isə onların təhlükəli ərazini vaxtında tərk etməsinə mane olur.

Araşdırmada qeyd edilir ki, dünyanın bəzi ənənəvi Asiya və Afrika icmalarında qız uşaqlarına üzmək və ya ağaca dırmaşmaq kimi həyati bacarıqlar öyrədilmir. Sel və ya sunami zamanı bu bacarıqlar kişilərin sağ qalmasına kömək etdiyi halda, qadınlar daha çətin vəziyyətə düşürlər.

Mütəxəssislər bildirirlər ki, bəzi cəmiyyətlərdə qadınların təkbaşına evdən çıxmasına qoyulan məhdudiyyətlər də onların təhlükədən vaxtında uzaqlaşmasını çətinləşdirir. Bundan əlavə, sari kimi ənənəvi geyimlər sürətlə qaçmağa və ya üzməyə mane ola bilir.

Araşdırmaya görə, məlumat çatışmazlığı da mühüm amillərdən biridir. Patriarxal cəmiyyətlərdə kişilər daha çox ictimai yerlərdə olduqları üçün xəbərdarlıqları daha tez eşidirlər. Evdə qalan qadınlar isə yaxınlaşan təhlükədən bəzən son ana qədər xəbərsiz olurlar.

Alimlər həmçinin vurğulayırlar ki, zəlzələ zamanı kişilər daha çox açıq havada, fabrik və ya ofis kimi nisbətən dayanıqlı binalarda olur. Qadınlar isə əksər hallarda ev işləri ilə məşğul olduqlarından, xüsusilə yoxsul bölgələrdə ilk dağılan yaşayış evlərinin altında qalmaq riski ilə üzləşirlər.

Sosial bərabərlik ölüm fərqini azaldır

Tədqiqatın nəticələrinə əsasən, qadınların yüksək sosial və iqtisadi hüquqlara malik olduğu ölkələrdə bu fərq demək olar ki, müşahidə edilmir. Təhsil almaq, maliyyə imkanlarına sahib olmaq və müstəqil qərar vermək hüququ olan qadınlar təbii fəlakətlər zamanı kişilərlə eyni səviyyədə sağ qalırlar.

Araşdırmada qeyd olunur ki, problemlər fəlakətdən sonra da davam edir. Müvəqqəti qaçqın düşərgələrində qadınlar tez-tez antisanitar şərait, tibbi xidmət çatışmazlığı və zorakılıq hallarının artması kimi əlavə risklərlə üzləşirlər.