“Süni intellektin inkişafı planetə zərbə vurur” – Alimlərdən xəbərdarlıq

Süni intellekt sürətlə inkişaf etsə də, onun yaratdığı infrastruktur getdikcə daha ciddi ekoloji problemlərə səbəb olur.

Bu barədə “futurism.com” nəşri yazıb.

Nəşr yazır ki, müasir süni intellekt sistemlərinin işləməsi üçün tikilən məlumat emalı mərkəzləri (data mərkəzləri) böyük həcmdə elektrik enerjisi tələb edir və bu, istixana qazlarının emissiyasını sürətlə artırır. Kornell Universitetinin alimlərinin hesablamalarına görə, hazırkı inkişaf tempi davam edərsə, 2030-cu ilə qədər data mərkəzləri hər il 24-44 milyon ton karbon qazı buraxa bilər. Bu, ABŞ yollarına əlavə 5-10 milyon minik avtomobilinin çıxması ilə müqayisə olunur.

Texas nümunəsi narahatlıq yaradır

Araşdırmalara görə, ABŞ-də yeni data mərkəzlərinin əsas hissəsi Texas ştatında tikilir. Bəzi şirkətlər serverlərin fasiləsiz işləməsi üçün həmin obyektlərin yanında qazla işləyən elektrik stansiyaları da inşa edirlər. Bundan əlavə, bəzi operatorların ekoloji tələbləri sadələşdirilmiş prosedurlarla keçərək sonradan mərkəzləri genişləndirdiyi bildirilir.

Ekspertlər qeyd edir ki, bu obyektlər karbon qazı ilə yanaşı, havanın keyfiyyətini pisləşdirən azot oksidlərinin də emissiyasını artırır. Data mərkəzlərinin fəaliyyəti həmçinin serverlərin soyudulması üçün böyük həcmdə su sərf olunmasına və enerji sistemlərinə əlavə yük düşməsinə səbəb olur.

Həll yolu nədir?

Mütəxəssislər hesab edir ki, süni intellekt elmi və iqtisadi inkişaf üçün böyük imkanlar yaratsa da, onun infrastrukturunun genişlənməsi bərpa olunan enerji mənbələrinin tətbiqi, daha səmərəli texnologiyalar və sərtləşdirilmiş ekoloji standartlarla müşayiət olunmalıdır. Əks halda, süni intellektin sürətli inkişafı gələcəkdə ciddi ekoloji problemlər yarada bilər.

Süni intellekt kino sənayesinə də daxil olur

Süni intellektin təsiri yalnız məlumat mərkəzlərinin sürətlə artması ilə məhdudlaşmır. Bu texnologiya artıq əyləncə sənayesinə də daxil olur. Bu günlərdə ilk dəfə süni intellekt əsasında yaradılmış virtual aktrisanın tammetrajlı filmdə baş rolu canlandıracağı açıqlanıb. Layihə ətrafında mübahisələr də yaranıb. Tənqidçilər hesab edir ki, belə texnologiyalar gələcəkdə canlı aktyorların peşəsinə ciddi təsir göstərə bilər.