SOCAR və “Haimaker.ai” suveren süni intellekt infrastrukturu üzrə gündəliyin icrasını davam etdirir (ÖZƏL)

Bakı. Trend:

Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) və ABŞ-nin süni intellekt (Sİ) sahəsində ixtisaslaşmış “Haimaker” şirkəti iyun ayında imzalanmış əməkdaşlıq sazişindən sonra Azərbaycanın rəqəmsal suverenliyinin gücləndirilməsi və ölkənin süni intellekt hesablama gücü (AI compute) və bulud xidmətləri üzrə regional mərkəzə çevrilməsi məqsədini daşıyan suveren süni intellekt infrastrukturu təşəbbüsünün həyata keçirilməsini davam etdirir.

Bu barədə Trend-ə “Haimaker.ai”dən bildirilib.

Bildirilib ki, saziş bu ilin əvvəlində Vaşinqtonda keçirilmiş ABŞ–Azərbaycan Ticarət və Biznes Konfransı çərçivəsində Azərbaycan İqtisadiyyat Nazirliyi ilə “Haimaker.ai Inc.” arasında imzalanmış strateji çərçivə sazişinin ilkin mərhələsini rəsmən işə salıb və onun praktik icrasını təmin edib.

Vurğulanıb ki, yol xəritəsinin əsas elementlərindən biri bazar tələbatı və investisiya mərhələlərinə uyğun şəkildə genişləndiriləcək müasir süni intellekt məlumat mərkəzinin (AI Data Center) yaradılmasıdır. Bu mərkəz məlumatların ölkə daxilində təhlükəsiz saxlanılması və emalını təmin etməyə hesablanıb.

Bununla yanaşı, “Haimaker.ai” və SOCAR dövlət qurumları, biznes subyektləri və strateji sənaye sahələri üçün SOCAR-ın infrastruktur və enerji imkanlarını “Haimaker.ai”nin hesablama gücü və platforma həlləri ilə birləşdirən “AI Cloud” platformasını hazırlayırlar.

“Haimaker.ai” ABŞ-nin San-Fransisko şəhərində yerləşən süni intellekt və rəqəmsal infrastruktur şirkətidir. Şirkət hökumətlərə və müəssisələrə məlumatlar, hesablama resursları və idarəetmə üzərində yerli nəzarəti qorumaqla qabaqcıl süni intellekt həllərini tətbiq etməyə kömək edir.

Azərbaycanda həyata keçirilən təşəbbüs şirkətin daha geniş strategiyasının tərkib hissəsidir. Belə ki, “Haimaker.ai” və tərəfdaşları Vyetnamda Dananq Yüksək Texnologiyalar Parkından başlayaraq mərhələli şəkildə ümumi gücü 100 MVt-a çata biləcək suveren süni intellekt məlumat mərkəzləri şəbəkəsinin yaradılmasını elan ediblər.