Şəhidimizin Əziz Xatirəsi Anıldı

Qəbələ rayonunun Vətən müharibəsi şəhidi Məhəmməd Qarayevin şəhadətinin üçüncü ildönümü münasibətilə anım mərasimi keçirilib. Tədbirdə Qəbələ, Şəki və Oğuz rayonlarından olan şəhid ailələri, ictimai fəallar, qazilər, media nümayəndələri, ziyalılar, müəssisə və təşkilat rəhbərləri, müxtəlif idarə və qurumların nümayəndələri, təhsil işçiləri, eləcə də rayon sakinləri iştirak ediblər.

Anım mərasimində əvvəlcə şəhidin məzarı ziyarət olunaraq üzərinə gül dəstələri düzülüb, ruhuna dualar oxunub. İlahiyyatçılar tərəfindən Qurani-Kərim tilavət olunub, şəhidlərin əziz xatirəsi ehtiramla yad edilib. Çıxış edənlər Məhəmməd Qarayevin Vətən uğrunda göstərdiyi qəhrəmanlıqdan danışaraq, onun igidliyinin gənc nəsillərə örnək olduğunu vurğulayıblar.

Tədbirdə Qəbələ TV əməkdaşları, yazıçılar, Nicat Apaev adına Dördçaylı məktəbin rəhbərliyi və müəllim kollektivi, Qəbələ şəhər 1 saylı məktəbin rəhbərliyi,Qəbələ ,Oğuz, Şəki şəhid ailələri, müəssə təşkilat rəhbərləri,din xadimləri,eləcə də Azərbaycan Dövlət İqtisad Universitetinin nümayəndələri iştirak edərək şəhid ailəsinə başsağlığı verib, onların dərdini bölüşüblər.

Daha sonra şəhidin ata ocağında ehsan süfrəsi təşkil olunub. Şəhidin valideynləri çıxış edərək bu ağır gündə onları tək qoymayan hər kəsə minnətdarlıqlarını bildirib, göstərilən diqqət və mənəvi dəstəyə görə təşəkkür ediblər.

Allah bütün şəhidlərimizə rəhmət eləsin, onların əziz xatirəsi daim qəlblərdə yaşayacaq.

Təranə Alməmmədova

Dünya Azərbaycanlıların Mədəniyyət Mərkəzi İB Qəbələ rayon nümayəndəliyinin rəhbəri