“Mossad”dan ABŞ-a TƏCİLİ XƏBƏRDARLIQ – İran Trampa sui-qəsd hazırlayır

İsrailin “Mossad” kəşfiyyat xidməti İranın ABŞ Prezidenti Donald Trampa və onun administrasiyasının yüksəkvəzifəli nümayəndələrinə qarşı sui-qəsd planları hazırladığına dair məlumatları Mərkəzi Kəşfiyyat İdarəsinə (MKİ) təqdim edib.

Bu barədə “Israel Hayom” mənbələrinə istinadla məlumat yayıb.

Nəşrin məlumatına görə, təqdim edilən məlumatlarda Tehranın ABŞ rəhbərliyinin nümayəndələrini aradan götürməyə dair konkret planları əks olunub. Bildirilir ki, İran partlayıcı maddələrlə təchiz edilmiş pilotsuz uçuş aparatları vasitəsilə zərbələr endirmək imkanını nəzərdən keçirir.

Kəşfiyyat məlumatlarının mübadiləsindən sonra ABŞ administrasiyasının nümayəndələri ictimaiyyət qarşısında daha az görünməyə başlayıblar. Qəzetin həmsöhbətlərinin məlumatına görə, maliyyə naziri Skott Bessent, dövlət katibi Marko Rubio və Pentaqonun rəhbəri Pit Heqset də daxil olmaqla, bir neçə rəsmi şəxs müvəqqəti olaraq evlərini tərk edərək mühafizə altında hərbi bazalarda yerləşiblər.

Tramp da ictimai çıxışlarının sayını azaldıb. “Israel Hayom” yazır ki, tədbirlər zamanı onun mühafizəsi standart təhlükəsizlik tədbirləri ilə yanaşı, pilotsuz uçuş aparatlarına qarşı mübarizə sistemləri də daxil olmaqla, əlavə vasitələrdən istifadə edir. Nəşr qeyd edir ki, əldə edilən kəşfiyyat məlumatları Vaşinqtonun Tehranla danışıqlara münasibətinə də təsir göstərib.