Rusiyada sərnişinin təyyarənin qaçırılacağı ilə bağlı iddiası uçuşu gecikdirdi

Volqoqraddan Moskvaya uçmalı olan təyyarənin yola düşməsi sərnişinlərdən birinin hava gəmisinin qaçırılacağı ilə bağlı iddiasından sonra iki saat gecikib.

Bu barədə jurnalistlər öz mənbələrinə istinadən məlumat yayıblar.

REN TV telekanalının “Telegram” kanalında yayımlanan məlumatda bildirilir ki, sərnişinlərdən biri təyyarənin qaçırılacağını iddia edib.

Mənbənin məlumatına görə, şübhəli şəxs Qazaxıstanda doğulmuş 42 yaşlı kişi olub. Onun, ehtimal ki, sərxoş vəziyyətdə olduğu bildirilir. Kişi polis əməkdaşları tərəfindən saxlanılıb.

Həmçinin məlum olub ki, həmin şəxs daha əvvəl oğurluq və qətllə hədələmə cinayətlərinə görə məhkum edilib.

Hadisədən sonra təyyarə və sərnişinlərin baqajı mütəxəssislər tərəfindən yoxlanılıb. Kinoloqların xidməti itlərlə apardığı yoxlama zamanı partlayıcı maddə və şübhəli əşyalar aşkarlanmayıb. İnsidentlə əlaqədar təyyarənin paytaxta uçuşu iki saat gecikib.