Karaman FK futbolçularını daşıyan komanda avtobusunda yanğın baş verib.
Hadisə Türkiyənin Karaman-Konya avtomobil yolunda qeydə alınıb.
Məlumata görə, Nesine 3-cü Liqasında mübarizə aparan Karaman FK-nın futbolçularını Mersinin Silifke rayonunda keçiriləcək oyuna aparan avtobusun mühərrik hissəsində qəfil yanğın başlayıb.
Futbolçular avtobusdan gələn tüstü qoxusunu hiss edərək sürücünü xəbərdar ediblər. Nəqliyyat vasitəsi yolun kənarında saxlanılıb. Lakin elektrik sistemində yaranan problem səbəbindən avtobusun qapıları bir müddət açılmayıb. Sürücünün müdaxiləsindən sonra futbolçular və texniki heyət avtobusu tərk edərək təhlükəsiz əraziyə keçiblər.
Hadisə yerinə cəlb olunan yanğınsöndürənlər alovu söndürüblər. Yanğın nəticəsində avtobusa ciddi ziyan dəysə də, futbolçular və klub əməkdaşları arasında xəsarət alan olmayıb.
Komandanın baş məşqçisi Özgür Polat bildirib ki, hazırda bütün futbolçuların və əməkdaşların vəziyyəti yaxşıdır.
Qeyd edək ki, Karaman FK-nın Yeni Mersin İdman Yurdu ilə keçirəcəyi qarşılaşmanın taleyi ilə bağlı qərarın Türkiyə Futbol Federasiyası tərəfindən verilməsi gözlənilirdi. Lakin sonrakı məlumata görə, oyun yanğın səbəbindən təxirə salınıb. /Nocomment.az/



