Ailə üzvünün kredit borcu vətəndaşa kredit götürməyə əngəl yaradır?

Banklardan kredit götürmək istəyən vətəndaşların tez-tez verdiyi suallardan biri də hər hansı ailə üzvünün ödənilməmiş kredit öhdəliyinin özünə əngəl yaradıb-yaratmayacağı ilə bağlıdır. Əksər vətəndaşlar belə hallarda bankların özlərinə kredit verməkdən boyun qaçırdığını deyir.

Mövzu ilə bağlı “Yeni Sabah”a danışan hüquqşünas Əkrəm Həsənov bildirib ki, bankların vətəndaşın qohumunun kredit tarixçəsini əldə etməyə heç bir səlahiyyəti yoxdur:

“Banklar bu məlumatı əldə edə və ya bu cür məlumatlara sahib ola bilməzlər. Çünki başqa bir şəxsin ailə üzvünün güzəşt məsələsi ola bilməz. Vətəndaş kredit üçün banka müraciət edəndə bankın onun kredit tarixçəsini əldə etməsi üçün razılıq verməlidir. Amma vətəndaşın qohumunun kredit tarixçəsini əldə etməyə heç bir səlahiyyəti yoxdur. Hər kəs yalnız öz kredit tarixçəsinin əldə edilməsinə razılıq verə bilər.

Banklarda bu informasiya ümumiyyətlə ola bilməz. Təsadüfən ola bilər ki, əgər kredit eyni bankdadırsa, bu halda bilərlər. Amma ümumiyyətlə bankda belə məlumat olmur. Məlumatı varsa da, bank bunu praktiki olaraq rəhbər tuta bilər, lakin yenə də rəsmi əsas ola bilməz”.