Donald Trampın Ağ Evə qayıtmasından sonra ABŞ Gürcüstana ayırdığı yardımı təxminən 27 dəfə azaldıb.
Bu barədə ABŞ Dövlət Departamentinin hesabatına istinadla “RİA Novosti” məlumat yayıb.
Sənəddən məlum olur ki, 2025-ci maliyyə ilində Gürcüstana yardım proqramları üçün 37,6 milyon dollar, 2026-cı ildə isə cəmi 1,4 milyon dollar ayrılıb. Qalan vəsaitin böyük hissəsi beynəlxalq hərbi təhsil və kadr hazırlığı proqramına yönəldilib.
Qeyd olunur ki, yardımın azaldılması Tramp administrasiyasının 2025-ci ilin yanvarında başladığı xarici yardım siyasətinə yenidən baxılması prosesi fonunda baş verib. Nəticədə Gürcüstanda ABŞ Beynəlxalq İnkişaf Agentliyinin (USAID) əksər layihələri bağlanıb, ABŞ səfirliyinin İctimai Diplomatiya şöbəsinin qrantlarının isə təxminən 85 faizi ləğv edilib.
Nəşrin məlumatına görə, ABŞ 1991-ci ildən bəri Gürcüstana iqtisadi və hərbi yardım məqsədilə 6,2 milyard dollardan çox vəsait ayırıb. 2025-ci ilin iyulunda USAID-in Tbilisidəki səfirlik nəzdində fəaliyyət göstərən nümayəndəliyi bağlanıb, qalan layihələr isə Dövlət Departamentinin regional bölmələrinə və səfirliyin şöbələrinə təhvil verilib. Bu ilin yanvarında Dövlət Departamenti ümumi dəyəri təxminən 4 milyon dollar olan səhiyyə sahəsində iki proqramın bərpasına icazə verib.



