Köçəryan Zəngəzur dəhlizinə qarşı çıxdı: Erməniləri İranla qorxudur

“Ermənistan” blokunun lideri, keçmiş prezident Robert Köçəryan mediaya verdiyi müsahibədə bildirib ki, TRIPP layihəsi (Zəngəzur dəhlizi) hazırkı formada Ermənistan və İran arasında münasibətlərdə gərginliyə səbəb olacaq.

Xocalı qatili bu dəhlizin Ermənistan praktik olaraq heç nə qazandırmadığını iddia edib:

“Layihənin həyata keçirilməsi üçün əvvəlcə dəmir yolunun Yerasxa (Arazdəyən) çatacağına dair zəmanət almaq lazımdır. Lakin müqavilədə bununla bağlı heç nə yoxdur – yalnız ümumi bəyanatlar var. Mən həmçinin burada ABŞ-ın birbaşa maraqlarını görmürəm, əksinə, İranla sərhəddə mövcudluğunu qorumaqda maraqlı olduğunu görürəm”, – deyə Köçəryan bildirib.

Onun fikrincə, risklər neytrallaşdırılmasa, Ermənistan İranla münasibətlərində ciddi problemlərlə üzləşəcək.

Köçəryan hesab edir ki, TRIPP layihəsi genişləndirilməlidir. Bundan əlavə, İranın etibar etdiyi digər ölkələr də iştirak etməlidir.

O, vurğulayıb ki, bu layihə qaçılmaz olaraq Ermənistanla İran arasında gərginliyə səbəb olacaq.

Keçmiş prezident həmçinin xatırladıb ki, bir neçə ay əvvəl İran ABŞ-a asimmetrik cavab olaraq BƏƏ, Qətər, Bəhreyn və Küveytə hücumlar təşkil edib.

“İranın oxşar reaksiya verməyəcəyinə və ya məsələn, amerikalılar peyda olan kimi sərhədi bağlamayacağına dair zəmanətlər haradadır?” – deyə Köçəryan qeyd edib.

Onun sözlərinə görə, Ermənistanla ticarət İran iqtisadiyyatının təxminən 0,2-0,3%-ni təşkil edir, ona görə də ticarətin dayandırılması demək olar ki, hiss olunmayacaq. Ermənistan üçün İranla açıq sərhəd təkcə ticarət üçün deyil, həm də BƏƏ-yə və bütövlükdə Hind okeanına gedən yol kimi vacibdir.

“Bütün bunları 43 kilometrlik hissədən tranzit naminə riskə atmaq, üzr istəyirəm, ağlabatan deyil”, – deyə Köçəryan bildirib.

O, həmçinin əmin olduğunu bildirib ki, bu yol, suverenlik və Ermənistan yurisdiksiyası ilə bağlı ifadələrlə örtülsə belə, “dəhliz” məntiqinə uyğun olaraq fəaliyyət göstərəcək.