İsti havalarda tromb riski artır: Həkimdən vacib xəbərdarlıq

İsti havalarda bədənin susuzlaşması və qanın qatılaşması səbəbindən tromb yaranma ehtimalı arta bilər.

Bu barədə rusiyalı həkim-terapevt Tatyana Vinoqradova RT-yə müsahibəsində bildirib.

Mütəxəssisin sözlərinə görə, tromb damar daxilində yaranan və qan dövranını qismən və ya tamamilə əngəlləyə bilən qan laxtasıdır:

“Onun əsas təhlükəsi toxumaların qanla qidalanmasını pozmaq və ya qopub ağciyər arteriyasının tromboemboliyası da daxil olmaqla, ciddi fəsadlara yol açmaq qabiliyyətidir”.

Varikoz damar genişlənməsi, ürək-damar xəstəlikləri, şəkərli diabet və piylənmədən əziyyət çəkən şəxslər yüksək risk qrupuna daxildirlər. Həmçinin hamilələr, yeni doğuş etmiş qadınlar, eləcə də əməliyyat və travma keçirmiş xəstələr öz səhhətlərinə daha diqqətlə yanaşmalıdırlar.

Xüsusi risk amillərindən biri də uzun müddət hərəkətsiz qalmaqdır. Bu, xüsusilə ayaq venalarında qan axınının yavaşladığı təyyarə uçuşları, uzunmüddətli avtomobil səfərləri və oturaq iş rejimi üçün xarakterikdir.

Vinoqradova vurğulayıb ki, isti hava özlüyündə tromb yaratmır, lakin tərləmə yolu ilə maye itkisini sürətləndirir. Əgər insan bu zaman az su içirsə və uzun müddət hərəkətsiz qalırsa, qanın qatılığı artır və tromboz riski çoxalır.

Profilaktika məqsədilə mütəxəssis maye qəbulu rejiminə əməl etməyi, daha çox hərəkətdə olmağı və saatlarla eyni vəziyyətdə qalmamağı tövsiyə edib. Uzun səfərlər zamanı hər 1.5-2 saatdan bir ayağa qalxmaq, gəzmək və ayaqlar üçün sadə isinmə hərəkətləri etmək məsləhət görülür.

Bundan əlavə, isti günlərdə spirtli içkilərdən istifadə etmək olmaz, çünki bu, orqanizmin susuzlaşmasını daha da artırır. Qidalanmada isə tərəvəz və meyvələrlə zəngin olan yüngül yeməklərə üstünlük vermək daha yaxşıdır.