İspaniyada kəskin istilərlə əlaqədar hava xəbərdarlığı verilib

İspaniyanın Dövlət Meteorologiya Agentliyi (Aemet) şiddətli isti səbəbindən ölkənin bir çox bölgəsində əlverişsiz hava ilə bağlı xəbərdarlıq elan edib,

Bu barədə TASS məlumat yayıb.

Qurum həyəcan səviyyəsini sarı (təhlükə) və narıncı (yüksək təhlükə) səviyyəsinə qaldırıb. Proqnozlara görə, havanın temperaturu 40 dərəcəni keçə bilər. Madriddə termometrin 35 dərəcəyə qədər yüksələcəyi gözlənilir. Hava xəbərdarlığı ən azı iyulun 23-dək qüvvədə olacaq.

Bundan öncə agentlik 2026-cı ilin birinci yarısının İspaniya üçün son 65 il ərzində ən isti zaman kəsiyi olduğunu açıqlamışdı. Həmçinin bu ilin iyun ayı meteoroloji müşahidələr tarixində ən isti ikinci ilk yay ayı olaraq qeydə alınıb və ancaq 2025-ci ilin iyun ayından geridə qalıb. Bu dövrdə orta temperatur iqlim normasından 3.2 dərəcə yüksək olub.

Məlumata görə, İspaniyada ən yüksək temperatur rekordu 2021-ci ildə rəsmiləşib. Həmin ilin avqustunda ölkənin cənub zonasında yerləşən La-Rambla qəsəbəsində havanın hərarəti 47.6 dərəcəyə yüksəlmişdi.