İldırım çaxan zaman bir çox insan ehtiyat üçün evdəki bütün elektrik cihazlarını şəbəkədən ayırır. Lakin mütəxəssislər bildirirlər ki, əslində bütün məişət texnikasını söndürməyə ehtiyac yoxdur.
Məişət Texnikası İstehsalçıları Assosiasiyasının kommunikasiya direktoru Kris Doşer bildirib ki, iri məişət cihazlarını adi ildırım zamanı elektrik şəbəkəsindən ayırmaq zəruri deyil.
Onun sözlərinə görə, müasir məişət texnikası ildırım zamanı yarana biləcək gərginlik dəyişikliklərinə davam gətirəcək şəkildə hazırlanır və sınaqdan keçirilir. Ekspert qeyd edib ki, istəsəniz, rahatlığınız üçün sobanı elektrikdən ayıra bilərsiniz. Bununla belə, aşağıdakı cihazları şəbəkəyə qoşulu vəziyyətdə saxlamaq təhlükəsiz hesab olunur:
soyuducu;
dondurucu;
elektrik plitəsi və bişirmə paneli;
qabyuyan maşın;
paltaryuyan maşın;
paltarqurudan maşın.
Böyük məişət texnikasını nə vaxt mütləq elektrikdən ayırmaq lazımdır?
Adi ildırım zamanı buna ehtiyac olmasa da, qasırğa və ya sel təhlükəsi yaranarsa vəziyyət dəyişir. Kris Doşerin sözlərinə görə, təxliyə zamanı soyuducu və dondurucu istisna olmaqla, bütün məişət cihazları elektrik şəbəkəsindən ayrılmalıdır. Sel başa çatdıqdan sonra isə elektrikçi və ya ixtisaslı texnik cihazların təhlükəsiz olduğunu təsdiqləməyincə onları yenidən qoşmaq məsləhət görülmür.
Soyuducu və dondurucunun işlək vəziyyətdə saxlanılması qidaların daha uzun müddət xarab olmamasına kömək edir. Elektrik kəsilərsə, soyuducu və dondurucunun qapısını mümkün qədər az açmaq tövsiyə olunur. Qapı bağlı qaldığı halda tam dolu dondurucu məhsulları təxminən 48 saat, yarı dolu olduqda isə təxminən 24 saat donmuş vəziyyətdə saxlaya bilir. Əgər fırtınanın yaxınlaşacağı əvvəlcədən məlumdursa, tez xarab olan məhsulları əvvəlcədən dondurmaq onların daha uzun müddət saxlanmasına kömək edə bilər.
Hansı kiçik məişət cihazları həmişə elektrikdən ayrılmalıdır?
Ekspert bildirir ki, portativ məişət cihazları istifadə edilmədiyi vaxtlarda ümumiyyətlə elektrik şəbəkəsinə qoşulu saxlanılmamalıdır. Bundan əlavə, elektrik naqilləri insanların ilişib yıxılmayacağı təhlükəsiz yerdə yerləşdirilməlidir.
İstifadədən sonra elektrikdən ayrılması tövsiyə olunan cihazlar bunlardır:
qəhvəbişirən;
fritöz;
stasionar mikser;
toster və mini soba;
blender;
multibişirici və ləng bişirmə qazanı;
digər kiçik mətbəx və məişət cihazları;
tozsoran və buxarlı təmizləyicilər kimi döşəmə təmizləmə avadanlıqları.
(lent.az)




