“Diktator”dan müttəfiqədək: Trampın Zelenskiyə münasibəti niyə dəyişib?” – “The Economist”: 

ABŞ prezidenti Donald Trampın Ukrayna prezidenti Vladimir Zelenskiyə münasibəti son aylarda nəzərəçarpacaq dərəcədə dəyişib. 

Bu barədə “The Economist” nəşri yazıb.

Münasibətlərdə dönüş

Nəşr yazır ki, bu dəyişiklikdə Ukraynanın hərbi uğurları və Trampın Rusiyadan getdikcə daha çox məyus olması mühüm rol oynayıb. Nəşr qeyd edir ki, bu hadisələr iki lider arasında əvvəl yaşanmış kəskin qarşıdurma ilə tam ziddiyyət təşkil edir. Həmin vaxt Tramp Zelenskini hətta “diktator” adlandırıb. Amma son hadisələr əks mənzərə yaradıb. 

İyulun 28-də Tramp Zelenskini Ağ evdə qəbul edib və hər iki lider görüşü müsbət qiymətləndirib.
Həmin gün ABŞ Senatı Rusiyaya qarşı yeni sanksiyalar nəzərdə tutan qanun layihəsinin irəliləməsinə dəstək verib. Sənəd Trampa Rusiya neft və qazının əsas idxalçılarına yüksək rüsumlar tətbiq etmək imkanı verir.

Dəyişikliyin səbəbləri

Məqalədə bildirilir ki, Trampın Zelenskiyə daha müsbət yanaşması Ukraynanın döyüş meydanındakı nəticələri və ölkənin müdafiə sənayesində əldə etdiyi irəliləyişlə bağlıdır. Analitiklər hesab edirlər ki, Ukraynanın Rusiya ərazisindəki hədəflərə endirdiyi zərbələr və silah istehsalını artıraraq ABŞ-dan asılılığını azaltması Vaşinqtonda diqqətlə izlənilir.

Eyni zamanda, ABŞ-nin Ukrayna ilə hərbi-sənaye əməkdaşlığını genişləndirdiyi, Ukrayna texnologiyaları əsasında pilotsuz uçuş aparatlarının istehsalı üçün ABŞ-də yeni zavodun yaradılmasının planlaşdırıldığı qeyd olunur.

Putinə inam azalır

Nəşr yazır ki, Trampın Ukraynaya yaxınlaşması Rusiya ilə münasibətlərinin soyuması fonunda baş verir. ABŞ-ın Ukrayna üzrə keçmiş xüsusi nümayəndəsi Kurt Volker Trampın artıq Vladimir Putinin ona doğru məlumat vermədiyini anlamağa başladığını bildirib.

Məqalədə vurğulanır ki, Zelenski Ağ evdəki görüş zamanı “Patriot” hava hücumundan müdafiə sistemləri üçün əlavə raketlər və onların istehsalına lisenziyaların verilməsini də müzakirə edib. Tərəflər lisenziya sazişi üzrə razılıq əldə etsələr də, istehsalın başlanmasının vaxt aparacağı bildirilir. Ukrayna qış mövsümünədək 300 ədəd “Patriot” raketinin tədarükünə ümid edir.