İctimai nəzarəti düzgün anlayaq – VİDEO

Azərbaycan Respublikası Konstitusiyasının bir sıra maddələri vətəndaşların ölkənin ictimai-siyasi həyatında, eləcə də dövlətin idarə olunmasında iştirak hüququnu və bu hüququ reallaşdırmağın yollarını özündə ehtiva edir. Konstitusiyaya görə vətəndaşlar dövlətin idarə edilməsində bilavasitə və seçdiyi nümayəndələri vasitəsi ilə iştirak edirlər.

İctimai iştirakçılıq dünya təcrübəsində

Dünya təcrübəsi göstərir ki, vətəndaş cəmiyyəti strukturlarının dövlət orqanlarının işində yaxından iştirak etməsi, verilən qərarlarda təsiretmə gücünə sahib olması effektiv üsuldur və adətən uğurlu alınır. Belə olan halda vətəndaş-dövlət münasibətlərinin tənzimlənməsində şəffaflıq prinsipi təmin olunur.

Dünyanın bir çox ölkələrində ictimai iştirakçılıq ictimai nəzarətin təmin edilməsinin əsas komponentidir. İctimai iştirakçılığın ən effektiv üsullardan biri müxtəlif qurumların nəzdində məsləhətləşmə şuralarının yaradılmasıdır. Xüsusilə, Avropa təcrübəsində mərkəzi icra hakimiyyəti orqanlarında, ayrı-ayrı bələdiyyələrdə məsləhətləşmə şuraları formalaşdırılır. Geniş istifadə olunsa da dünyada ictimai nəzarətin təmin edilməsi metodları bununla kifayətlənmir.

İctimai iştirakçılıq qanunvericilik aktlarında

Azərbaycan Respublikasının Konstitusiyasının 58-ci maddəsinə görə hər kəsin istənilən birlik, siyasi partiya, həmkarlar ittifaqı və digər ictimai birlik yaratmaq və ya mövcud olan birliyə daxil olmaq hüququ var. Vətəndaş cəmiyyətini təmsil edən təsisatların qərarların qəbul olunmasında iştirakı, dövlət və özünüidarə orqanlarının fəaliyyətinə ictimai nəzarəti həyata keçirməsinin hüquqi əsasları da müvafiq qanunvericilik aktlarında əks olunub. İctimai nəzarət üçün hüquqi əsaslar yaradan qanunvericilik aktları sırasında əsas yeri “İctimai İştirakçılıq Haqqında” Azərbaycan Respublikası Qanunu tutur. Qanun Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 1-ci bəndinə uyğun olaraq, Azərbaycan Respublikası vətəndaşlarının dövlət idarəetməsinin həyata keçirilməsinə cəlb edilməsi ilə əlaqədar yaranan münasibətləri tənzimləyir.

Qanuna görə ictimai iştirakçılıq aşağıdakılardır:

Dövlət və cəmiyyət həyatının müxtəlif sahələrində dövlət siyasətinin hazırlanmasında və həyata keçirilməsində, ümumdövlət və yerli səviyyədə qərarların qəbulunda iştirak;
Mərkəzi icra hakimiyyəti orqanlarının, yerli icra hakimiyyəti orqanlarının, yerli özünüidarə orqanlarının fəaliyyətinə ictimai nəzarətin təşkilində iştirak;
Dövlət və yerli özünüidarəetmə orqanlarının ictimaiyyətlə məsləhətləşməsi və ictimai rəyin öyrənilməsi proseslərində vətəndaş cəmiyyəti təsisatlarının iştirakının təmin olunması.
Sözügedən qanunda ictimai iştirakçılığın 6 forması nəzərdə tutulub. Bunlar:

Mərkəzi və yerli icra hakimiyyəti orqanlarının və yerli özünüidarəetmə orqanlarının yanında ictimai şuralar,
İctimai əhəmiyyətli qərarların qəbulu zamanı ictimai müzakirələr,
Hüquqi aktların layihələrinə, dövlət və cəmiyyət həyatının ayrı-ayrı məsələlərinə dair ictimai dinləmələr;
İctimai rəyin öyrənilməsi;
Hüquqi aktların layihələrinin ictimai müzakirəsi;
Hüquqi aktların layihələrinə dair vətəndaş cəmiyyəti institutlarının rəylərinin öyrənilməsi üçün yazılı məsləhətləşmə.

İctimai nəzarətin həyata keçirilməsinə dövlət dəstəyi

Azərbaycanda ictimai nəzarətin həyata keçirilməsi daha çox dövlət büdcəsindən ayrılan vəsait hesabına təmin olunur. İctimai nəzarətin effektiv həyata keçirilməsi məsələsində Azərbaycan Respublikası Prezidenti yanında Qeyri Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının fəaliyyəti danılmazdır. Bu qurum tərəfindən mütəmadi olaraq, qeyri-hökumət təşkilatlarının müxtəlif layihələrinin maliyyələşdirilməsinə maddi dəstək göstərilir. Şura Cənab Prezident İlham Əliyevin elektron hökumətin inkişafı, həmçinin dövlət qurumları tərəfindən göstərilən elektron xidmətlərin təkmilləşdirilməsi ilə əlaqədar imzaladığı fərman və sərəncamları rəhbər tutaraq, həyata keçirdiyi elektron xidmətlərin keyfiyyətini yaxşılaşdırmaq, istiqamətlərini şaxələndirmək, istifadəçilər üçün daha rahat və əlçatan etmək və bununla da fəaliyyətində şəffaflıq və aşkarlığı maksimum dərəcədə artırmaq məqsədilə elektron xidmətlərin sayını artırdı. QHT-lərə Dövlət Dəstəyi Şurası bu proqramlar arasında sürətli əlaqələndirməni həyata keçirmək və bütün elektron xidmətləri vahid bazada cəmləşdirmək üçün SƏLİS – Sürətli Əlaqələndirmə və Layihə İdaretmə Sistemi də yaradıb. SƏLİS QHT-lərlə canlı təması minimuma endirərək, Şuranın elektron xidmətlərindən rahat və sürətli istifadəni təmin edir.

İctimai Şuralar – ictimai nəzarətin həyata keçirilməsinin ən effektiv mexanizmi kimi

Qanuna uyğun olaraq, mərkəzi və yerli icra hakimiyyəti orqanlarının əksəriyyətinin nəzdində İctimai Şuralar formalaşdırılıb. Bu İctimai Şuralarda qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar), kütləvi informasiya vasitələri, həmkarlar ittifaqları, vətəndaşların təşəbbüs qrupları və bələdiyyələrin məhəllə komitələri vətəndaş cəmiyyəti subyektləri olaraq təmsil oluna bilərlər.

İctimai Şuralar bu və ya digər icra orqanlarının həyata keçirdiyi siyasətlə bağlı ictimaiyyət arasında müəyyən qiymətləndirmələr aparır, həmin siyasətin ictimaiyyəti narahat edən müddəalarını araşdırır və bu siyasətin həyata keçirilməsində effektivliyi təmin etmək məqsədilə ictimaiyyəti narahat edən məlumatları aidiyyəti strukturlara təqdim edir. Aidiyyəti strukturlar isə həmin məlumatlar əsasında öz fəaliyyətinə düzəlişləri aparır. Beləliklə, məqsədi işinin səmərəliliyini artırmaq olan qurumlar sosiumun nəbzini tutaraq, müvafiq qərarlar verə bilirlər.