MIZRAK zərbə dronlarının Azərbaycana tədarükü hansı hərbi imkanları genişləndirəcək?

Türkiyənin “Baykar” şirkəti ADEX-2026 sərgisi çərçivəsində Azərbaycanla MIZRAK uzaqmənzilli ağıllı dolaşan sursatının tədarükünə dair müqavilə imzalayıb. 1000 kilometrdən artıq əməliyyat mənzili və 7 saatdan çox havada qalma müddəti ilə seçilən MIZRAK müxtəlif döyüş başlıqları ilə təchiz oluna, həmçinin digər pilotsuz uçuş platformaları ilə inteqrasiya edilə bilir.

Maraqlıdır, MIZRAK-ın Azərbaycana tədarükünü ölkəmizin mövcud PUA və uzaqmənzilli zərbə imkanları kontekstində necə qiymətləndirmək olar? 

Bu sistemin əsas üstünlüyü yalnız uzaq məsafədən zərbə imkanında, yoxsa onun çevik buraxılış, müxtəlif döyüş başlıqları və digər pilotsuz platformalarla inteqrasiya imkanlarında özünü göstərə bilər?

Mövzu ilə bağlı ehtiyatda olan polkovnik, hərbi ekspert Üzeyir Cəfərov açıqlama verib. 

Hərbi ekspert bildirib ki, Bakıda keçirilən ADEX-26 sərgisində yeni silah və sursatlar, ölkələrin müdafiə və təhlükəsizlik sahəsindəki imkanları nümayiş etdirildi:

“Sərgidə Azərbaycanın yeni silah sistemləri, o cümlədən pilotsuz uçuş aparatları və digər avadanlıqları da təqdim olundu. Ümumiyyətlə, Azərbaycanın müdafiə və təhlükəsizlik imkanlarını genişləndirməsi və gücləndirməsi baxımından mövcud PUA və uzaqmənzilli zərbə imkanları aktuallıq kəsb edir. Biz bunu yaxın gələcəkdə daha da genişləndirmək istəyirik.

Azərbaycan həm öz Silahlı Qüvvələri üçün, həm də bütövlükdə ixrac baxımından uzaq məsafədən zərbə imkanları və çeviklik baxımından MIZRAK-dan istifadə imkanlarını dəyərləndirir, bu silah-sursatın müxtəlif döyüş imkanlarında tətbiqi perspektivlərini nəzərdən keçirir.

Azərbaycan mütəxəssisləri sərgidə nümayiş etdirilən, yeni tələblərə cavab verən bir sıra mütərəqqi sistemlərin ölkənin PUA sistemlərinə və platformalarına inteqrasiyası imkanlarını da araşdırırlar.

Burada nümayiş etdirilən müxtəlif ölkələrin hərbi-texniki imkanlarının Azərbaycan üçün hansı istiqamətlərdə tətbiq oluna biləcəyi və müdafiə sənayemizin inkişafına necə töhfə verə biləcəyi bu gün xüsusi aktuallıq kəsb edir. 

Azərbaycan bundan əvvəl də qardaş Türkiyədə, Slovakiyada və bir sıra digər ölkələrdə keçirilən sərgilərdə müxtəlif danışıqlar aparıb. Əsas məqsədlərdən biri pilotsuz uçuş aparatlarımızın və uzaqmənzilli zərbə imkanlarımızın necə genişləndirilə biləcəyini müəyyənləşdirməkdir. Bununla bağlı mütəxəssislər müzakirələr aparırlar”.

Üzeyir Cəfərov vurğulayıb ki, əsas üstünlük daha çevik olmaq, avadanlıqlardan daha qısa zaman kəsiyində istifadə etmək, onları digər pilotsuz uçuş aparatları, raket kompleksləri və hava hücumundan müdafiə sistemləri ilə əlaqələndirmək və inteqrasiya etmək imkanlarının araşdırılmasıdır:

“Ən uyğun və mütərəqqi həllərin müəyyənləşdirilməsi istiqamətində artıq konkret addımlar atılır. Mütəxəssislər artıq bir yol xəritəsi hazırlayıblar. Bu yol xəritəsində müasir silah-sursatın Azərbaycan üçün istifadə imkanları və onların mövcud sistemlərə inteqrasiyası ilə bağlı istiqamətlər müəyyənləşdirilib.

Ona görə hesab edirəm ki, ADEX-də müzakirə olunan məsələlər Azərbaycanın müdafiə və təhlükəsizlik imkanlarını bir qədər də artıracaq.

MIZRAK-ın Azərbaycana tədarükü də hesab edirəm ki, həm bizim imkanlarımızı genişləndirəcək, həm də Azərbaycanın xarici tərəfdaşları ilə müdafiə sənayesi sahəsində apardığı danışıqlara əlavə imkanlar yaradacaq.

Bu, həm qiymət baxımından, həm də effektivlik baxımından Azərbaycanın qarşısında daha geniş imkanlar aça bilər”.