Müasir dövrdə dövlətin uğurlu inkişafı təkcə qəbul olunan qərarlardan deyil, həm də cəmiyyətin həmin proseslərdə iştirakından asılıdır. Bu baxımdan ictimai nəzarət dövlətlə vətəndaş arasında qarşılıqlı etimadı möhkəmləndirən mühüm amillərdən biridir. Azərbaycanda son illər bu sahəyə göstərilən diqqət ictimai nəzarətin əhəmiyyətini daha da artırıb.
Prezident İlham Əliyev çıxışlarında dəfələrlə vurğulayıb ki, ictimai nəzarət hər bir dövlət qurumunun fəaliyyətində vacib rol oynayır. Dövlət başçısının fikrincə, vətəndaşların fəallığı, onların müraciət və təklifləri bir çox problemlərin vaxtında aşkara çıxarılmasına və həllinə kömək edir. Bu yanaşma göstərir ki, dövlət idarəçiliyində vətəndaşın səsi eşidilməli və nəzərə alınmalıdır.
Əslində ictimai nəzarət yalnız nöqsan axtarmaq deyil. Bu, cəmiyyətin öz gələcəyinə laqeyd qalmamasının göstəricisidir. İnsanlar yaşadıqları mühitdə baş verən hadisələrə diqqət yetirdikdə, problemləri qaldırdıqda və onların həllinə çalışdıqda həm dövlət, həm də cəmiyyət qazanır. Məhz buna görə ictimai nəzarət sağlam və inkişaf edən cəmiyyətin vacib göstəricilərindən hesab olunur.
Bu gün ölkəmizdə fəaliyyət göstərən ictimai təşkilatlar, qeyri-hökumət qurumları, media nümayəndələri və fəal vətəndaşlar bu prosesdə mühüm rol oynayırlar. Onların fəaliyyəti bir tərəfdən cəmiyyətin narahatlıqlarını aidiyyəti qurumlara çatdırmağa, digər tərəfdən isə dövlətlə vətəndaş arasında daha səmərəli dialoqun qurulmasına xidmət edir.
Biz də cəmiyyətin bir parçası olaraq hesab edirik ki, hər bir vətəndaş yaşadığı ölkənin inkişafına öz töhfəsini verməlidir. Prezident İlham Əliyevin həyata keçirdiyi islahatları və ictimai fəallığın artırılması istiqamətində atdığı addımları dəstəkləyərək hər birimizin üzərinə düşən məsuliyyəti dərk etməsi vacibdir. Güclü dövlətin dayağı yalnız dövlət institutları deyil, həm də fəal və məsuliyyətli vətəndaş cəmiyyətidir.
Dünya Azərbaycanlılarının Mədəniyyət Mərkəzi də bu prinsiplərə sadiq qalaraq milli-mənəvi dəyərlərin qorunması, vətənpərvərlik ruhunun təbliği, maarifləndirmə layihələrinin həyata keçirilməsi və ictimai faydalı təşəbbüslərin dəstəklənməsi istiqamətində illərcə fəaliyyət göstərir. Mərkəz hesab edir ki, cəmiyyətin inkişafı yalnız birgə səylər və qarşılıqlı məsuliyyət sayəsində mümkündür.
Bu gün qarşımızda duran əsas vəzifələrdən biri ictimai fəallığın daha da artırılması, vətəndaş məsuliyyətinin gücləndirilməsi və cəmiyyətin bütün təbəqələrinin ölkənin inkişaf prosesində iştirakını təmin etməkdir. Çünki hər birimizin biganə qalmadığı, məsuliyyət hissi ilə yanaşdığı cəmiyyət daha güclü, daha sabit və daha uğurlu olur.
İctimai nəzarət dövlətə qarşı deyil, əksinə, dövlətçiliyin möhkəmlənməsinə xidmət edən vacib ictimai mexanizmdir. Dövlətlə vətəndaş arasında qarşılıqlı etimad nə qədər güclü olarsa, əldə olunan nəticələr də bir o qədər uğurlu olar. Azərbaycanın inkişaf yolunda bu həmrəylik və qarşılıqlı məsuliyyət xüsusi əhəmiyyət daşıyır.
Rasim Məmmədov
Dünya Azərbaycanlıları Mədəniyyət Mərkəzi İctimai Birliyinin Prezidenti,
Sabitlik və İnkişaf Mərkəzinin sədri, ictimai xadim




