Bu ömrü bir nağıl bil

Qəbələ rayonunun Əmirvan kəndində Azərbaycanın igid oğlu, şəhid zabit Əfqan Abdurahmanovun anadan olmasının 50 illik yubileyi münasibətilə geniş və möhtəşəm anım tədbiri keçirilmişdir.

Əvvəlcə şəhidin doğulduğu Əmirvan kəndində yerləşən məzarı ziyarət olunmuş, məzar üzərinə gül dəstələri düzülmüşdür. Din xadimləri tərəfindən müqəddəs Qurani-Kərimdən ayələr oxunmuş, şəhidimizin əziz xatirəsi dualarla yad edilmişdir. Ziyarətdə şəhidin ailə üzvləri, yaxınları, döyüş yoldaşları, sinif və tələbə yoldaşları, qazilər, şəhid ailələri, rayon ictimaiyyətinin nümayəndələri və çoxsaylı kənd sakinləri iştirak etmişdir.

Daha sonra tədbir Qəbələ Rayon Mədəniyyət Mərkəzində davam etdirilmişdir. Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə açıq elan olunmuş, Vətən uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.

Tədbirdə şəhid Əfqan Abdurahmanovun şərəfli həyat və döyüş yolundan bəhs olunmuş, onun qəhrəmanlığı, Vətənə bağlılığı və xalqına xidmətləri haqqında geniş çıxışlar edilmişdir. Eyni zamanda yazıçı Qərib Hüseynin müəllifi olduğu “Bu ömrü bir nağıl bil” adlı kitabın təqdimatı keçirilmişdir. Tədbir iştirakçılarına kitab haqqında ətraflı məlumat verilmiş, əsərdə şəhidimizin həyat yolu, vətənpərvərliyi və insanlığı xüsusi vurğulanmışdır.

Tədbir çərçivəsində qəhrəmanımıza həsr olunmuş videoçarx nümayiş etdirilmiş, onun keçdiyi şərəfli ömür yolu tədbir iştirakçılarına bir daha təqdim edilmişdir.

Anım tədbirində Qəbələ Rayon İcra Hakimiyyətinin məsul şəxsləri, idarə və müəssisə rəhbərləri, qeyri-hökumət təşkilatlarının nümayəndələri, Qəbələ Dövlət Peşə Təhsil Mərkəzinin rəhbərliyi, müəllim və tələbə heyəti, şəhid Əfqan Abdurahmanovun adını daşıyan Qəbələ şəhər 3 nömrəli tam orta məktəbin rəhbərliyi, müəllim və şagird kollektivi, Qəbələ Rayon Mədəniyyət Mərkəzinin əməkdaşları, hüquq-mühafizə orqanlarının nümayəndələri, zabitlər, şəhidin döyüş yoldaşları, rayon ziyalıları, şair və yazarlar, Qəbələ və Oğuz rayonundan gəlmiş media nümayəndələri, din xadimləri, şəhid ailələri, qazilər, eləcə də digər rayonlardan təşrif buyurmuş qonaqlar iştirak etmişdir.

Tədbirdə çıxış edənlər şəhid Əfqan Abdurahmanovun Azərbaycan xalqı üçün göstərdiyi misilsiz xidmətlərdən bəhs etmiş, onun qəhrəmanlığının gələcək nəsillər üçün örnək olduğunu bildirmişlər. Çıxışlar zamanı şəhid ailəsinə dərin ehtiram və başsağlığı ifadə olunmuşdur.

Sonda şəhidin oğlu Əlibəy çıxış edərək atası ilə qürur duyduğunu bildirmiş, tədbirə qatılan bütün qonaqlara minnətdarlığını ifadə etmişdir.

Qəhrəmanlıq ruhu və yüksək vətənpərvərlik hissləri ilə yadda qalan tədbir xatirə fotolarının çəkilməsi ilə başa çatmışdır. Qərib Hüseynin müəllifi olduğu “Bu ömrü bir nağıl bil” kitabı tədbir iştirakçılarına təqdim olunmuş, şəhidimizin əziz xatirəsi böyük ehtiramla yad edilmişdir.

Təranə Alməmmədova 

Dünya Azərbaycanlıların Mədəniyyət Mərkəzi İB Qəbələ rayon nümayəndəliyinin rəhbəri