Burun tutulması hər zaman soyuqdəymə və ya allergiya ilə bağlı olmaya bilər. Həkim Rive Barbur bu problemin arxasında dayana biləcək iki fərqli səbəbi açıqlayıb.
Barbur bu barədə “Yahoo”ya danışıb.
Həkimin sözlərinə görə, burun tutulmasına səbəb evdə yaranan kif ola bilər. Kif sporları havaya yayıldıqda burunətrafı ciblərin və boğazın selikli qişasını qıcıqlandıra bilər. Kiflə uzunmüddətli təmas yorğunluq, diqqətin və düşüncənin bulanması, əzələ və oynaq ağrıları, yuxu pozğunluğu kimi problemlərlə də müşayiət oluna bilər.
Barbur evdə kif aşkarlandıqda onun aradan qaldırılması üçün tədbir görülməsini və müalicə ilə bağlı həkimə müraciət edilməsini tövsiyə edib.
Terapevt burun tutulmasının digər mümkün səbəbinin bağırsaq mikroflorasındakı balanssızlıq olduğunu bildirib. Onun sözlərinə görə, stress, düzgün olmayan qidalanma və antibiotik qəbulu faydalı bakteriyaların azalmasına və immun müdafiəyə təsir edən disbalansa səbəb ola bilər.
Bu zaman burun tutulması ilə yanaşı qarında köp, ağızdan xoşagəlməz qoxu və şirniyyata güclü istək də yarana bilər.
Həkim belə hallarda süd məhsulları, rafinə olunmuş şəkər, qırmızı ət, qlüten və alkoqolun qəbulunun azaldılmasını və ya onlardan imtina edilməsini tövsiyə edib.



