Valideynlərə XƏBƏRDARLIQ: Bu çiçək uşağı reanimasiyaya sala bilər

Evlərdə və ofislərdə dekorativ məqsədlə saxlanılan Difenbaxiya bitkisi azyaşlı uşaqlar üçün ciddi təhlükə yarada bilər. Türkiyənin Tokat şəhərində 2 yaşlı uşaq bu bitkinin bir hissəsini ağzına aldıqdan sonra dodaq və boğaz nahiyəsində şişkinlik yaranıb.

Hadisə uşaq nənəsi və babası ilə evdə olarkən baş verib. Dibçəkdəki Difenbaxiya bitkisinin bir hissəsini ağzına alan uşaq bir müddət sonra ağlayaraq nənəsinin yanına gedib. Yaxınları onun dodaqlarının şişdiyini görərək uşağı təcili xəstəxanaya aparıblar.

Zəhərlənmə şübhəsi ilə müalicəyə alınan uşağın boğazında da şişkinlik aşkarlanıb və təhlükəsizlik məqsədilə reanimasiya şöbəsində nəzarətdə saxlanılıb. Müalicədən sonra onun vəziyyətinin yaxşılaşdığı bildirilib.

“Tənəffüs sistemi üçün təhlükə yarada bilər”

Medical Park Tokat Xəstəxanasının həkimi İbrahim Taştanın sözlərinə görə,  Difenbaxiya bitkisinin şirəsində olan kalsium oksalat kristalları təmas etdiyi nahiyələrdə qıcıqlanma yarada bilər.

Həkim bildirib ki, bitkinin çeynənməsi və ya udulması ağız və boğazda şişkinliyə səbəb ola bilər. Xüsusilə uşaqlarda dodaq, dilçək və boğazın şişməsi tənəffüs yollarının daralmasına gətirib çıxara və həyati təhlükə yarada bilər.

Bitkinin şirəsi böyüklərdə də ağız və dəridə qıcıqlanmaya səbəb ola bilər. Belə hal baş verdikdə gecikmədən tibbi yardıma müraciət etmək tövsiyə olunur.

Uşağın atası Melih Hanlı isə hadisədən əvvəl bitkinin bu qədər təhlükəli olduğunu bilmədiklərini bildirib. Onun sözlərinə görə, uşağın dodaqlarındakı şişkinlikdən sonra xəstəxanaya aparılıb və həkimlər zəhərlənmə ehtimalını müəyyən ediblər.

Hadisədən sonra ailə uşaqlı evlərdə Difenbaxiya kimi bitkilərin saxlanılması zamanı daha diqqətli olmağa çağırıb.

Qeyd:  Difenbaxiya bitkisinin bütün hissələri, xüsusilə şirəsi, ağız və boğazda güclü qıcıqlanma və şişkinlik yarada bilər.Uşaq bitkinin bir hissəsini çeynəyib və ya udubsa, tibbi yardım almaq vacibdir.