Bu PIN-kodlardan istifadə edirsinizsə, kartınız risk altındadır

Bank kartlarının təhlükəsizliyini təmin edən əsas vasitələrdən biri PIN-koddur. Adətən dörd rəqəmdən ibarət olan PIN-kod üçün nəzəri olaraq 10 min fərqli kombinasiya mövcuddur. Lakin araşdırmalar göstərir ki, insanların böyük hissəsi asan yadda qalan və proqnozlaşdırıla bilən rəqəmlərə üstünlük verir.

3,4 milyon PIN-kod üzərində aparılan təhlil istifadəçilərin eyni kombinasiyaları tez-tez seçdiyini ortaya çıxarıb.

Araşdırmaya görə, cəmi üç PIN-kod – 1234, 1111 və 0000 – təhlil edilən bütün kodların təxminən 19 faizini təşkil edib.

Mütəxəssislər bildirirlər ki, bu cür sadə kombinasiyalar bank kartlarını dələduzlar qarşısında daha həssas edir. Belə hallarda PIN-kodu təxmin etməyə çalışan şəxsin minlərlə variantı sınaqdan keçirməsinə ehtiyac qalmır.

Bu PIN-kodlardan uzaq durun

Ekspertlərin sözlərinə görə, PIN-kod məxfi məlumat hesab edilməli və heç vaxt kartla birlikdə yazılı şəkildə saxlanılmamalıdır.

Xüsusilə 1234, 1111, 0000, 4321 kimi ardıcıl və ya təkrarlanan rəqəmlərdən istifadə etmək təhlükəli sayılır.

2580 kimi telefon və ödəniş terminallarının klaviaturasında düz xətt əmələ gətirən rəqəm kombinasiyalarını seçmək də məsləhət görülmür.

Doğum tarixi, doğum ili və insanın şəxsi məlumatları ilə əlaqələndirilə bilən digər rəqəmlər də təhlükəsiz PIN-kod hesab edilmir.

Sadə PIN-kod niyə təhlükəlidir?

Dələduzlar insanların ən çox istifadə etdiyi PIN-kodları bildikləri üçün kartı ələ keçirdikdə ilk olaraq məhz populyar kombinasiyaları sınaqdan keçirə bilərlər.

Sadə ardıcıllıqlar, eyni rəqəmin təkrarlanması və klaviaturada asanlıqla seçilən nümunələr PIN-kodun müəyyən edilməsini asanlaşdırır.

Araşdırmanın məlumatları əvvəllər sızdırılmış məlumat bazalarından əldə edildiyinə görə bütün bank kartlarını əhatə etmir. Buna baxmayaraq, nəticələr istifadəçilərin nə qədər tez-tez eyni və asan təxmin edilən kodlara üstünlük verdiyini göstərir.

Təhlükəsiz PIN-kod necə seçilməlidir?

Mütəxəssislər PIN-kodun mümkün qədər təsadüfi və şəxsi məlumatlardan asılı olmayan rəqəmlərdən ibarət olmasını tövsiyə edirlər.

Doğum tarixindən, ardıcıl rəqəmlərdən, eyni rəqəmin bir neçə dəfə təkrarlanmasından və klaviatura üzərində müəyyən forma yaradan kombinasiyalardan uzaq durmaq məsləhətdir.

Eyni PIN-kodun müxtəlif kart və xidmətlərdə istifadə edilməsi də əlavə risk yarada bilər.

Ekspertlər həmçinin qeyd edirlər ki, bəzi hallarda bank tərəfindən avtomatik yaradılan PIN-kod istifadəçinin özü tərəfindən seçilən sadə kombinasiyadan daha təhlükəsiz ola bilər.

Mütəxəssislər 1234, 1111 və ya 0000 kimi PIN-kodlardan istifadə edən şəxslərə təhlükəsizlik məqsədilə kodlarını dəyişməyi tövsiyə edirlər.