Hava şəraiti kəskin dəyişdi – Kəlbəcər və Gədəbəyə dolu yağdı

Ölkənin bir sıra bölgələrində leysan və dolu müşahidə olunub

İyunun 11-i saat 10:00-a olan faktiki hava açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, ölkənin bəzi dağlıq və dağətəyi rayonlarında yağıntılı hava şəraiti davam edir, arabir şimşək çaxır və leysan xarakterli yağışlar müşahidə olunur.

Qeyd olunub ki, yağıntının miqdarı Daşkəsəndə 22 mm, Şəmkirdə 14 mm, Gədəbəydə 13 mm, Tovuz və Kişçayda (Şəki) 11 mm, Goranboyda 8 mm, Göygöldə 6 mm, Qax və Yevlaxda 5 mm, Oğuzda 4 mm, Şahbuz, Mingəçevir, Ağstafa, Zaqatala, Zərdab, Tərtər və Yardımlıda 3 mm, Ordubad, Ağdam və Balakəndə 2 mm, bir sıra digər ərazilərdə isə 1 mm-dək olub.

Bundan əlavə, iyunun 10-u axşam saatlarından etibarən ölkənin müxtəlif bölgələrində dolu düşməsi də qeydə alınıb. Kəlbəcər və Gədəbəy rayonlarında diametri 18 mm-ə çatan dolu müşahidə olunub. Daşkəsən rayonunda isə 15 mm diametrli dolu yağıb.

Qazax rayonunda da dolu qeydə alınıb, Göygöl rayonunda isə səhər saatlarında xırdadənəli dolu düşüb.