Azyaşlı uşaqların qida rasionunda inək südünün bitki mənşəli alternativlərlə əvəz olunması şəkərli diabet, piylənmə və diş kariyesi riskini artıra bilər. Böyük Britaniyanın Milli Səhiyyə Xidmətinin alimləri elmi kollektiv çərçivəsində apardıqları araşdırma nəticəsində bu qənaətə gəliblər. Tədqiqatın nəticələri “Journal of the BSACI” jurnalında dərc olunub.
Tədqiqatın müəllifləri yulaf və soya əsaslı populyar içkilərin tərkibini təhlil edərək müəyyən ediblər ki, onların bir çoxu yüksək miqdarda əlavə olunmuş şəkər ehtiva edir və eyni zamanda əsas qida maddələrinin zəruri səviyyəsini təmin etmir. Hətta zənginləşdirilmiş variantlarda belə uşaqlarda kalsium və B12 vitamininin mənimsənilməsi kifayət qədər olmaya bilər.
Araşdırmaya görə, təxminən 350 millilitr həcmində bir stəkan soya içkisində 30 qrama qədər, yulaf içkisində isə təxminən 21 qram şəkər ola bilər. Bu göstərici iki–üç yaşlı uşaqlar üçün gündəlik tövsiyə olunan əlavə şəkər normasını, yəni, təxminən 14 qramlıq normanı xeyli üstələyir. Əlavə məlumatlar göstərir ki, belə içkilərin müntəzəm qəbulu zamanı uşaqlar ay ərzində 480 qramdan çox artıq şəkər qəbul edə bilərlər.
Tədqiqatın nəticələrini şərh edən britaniyalı həkimlər, stomatoloqlar və dietoloqlar beş yaşdan kiçik uşaqların rasionundan bitki mənşəli içkilərin çıxarılmasını tövsiyə ediblər. Mütəxəssislər xəbərdarlıq edirlər ki, bu cür məhsulların müntəzəm istifadəsi piylənmə, kariyes və qida maddələri çatışmazlığı riskini artıra bilər.
Uşaq allerqoloqu Robert Boyl “Daily Mail” nəşrinə müsahibəsində qeyd edib ki, klinik praktikada yüksək şəkər qəbulu, o cümlədən bitki mənşəli içkilərin qəbulu ilə bağlı ciddi stomatoloji problemləri olan uşaqlara getdikcə daha çox rast gəlinir. Onun sözlərinə görə, bu cür məhsulların faydalı olması ilə bağlı iddialar valideynləri yanlış yönləndirir.




