Elektrik çəngəlini belə çıxaranlara xəbərdarlıq

Gün ərzində telefonun şarj cihazını elektrik yuvasından çıxararkən və ya tozsoranı yığışdırarkən fərqində olmadan elektrik cihazlarınızın ömrünü qısaldırsınız. Milyonlarla insanın hər gün “praktik” olduğunu düşünərək təkrarladığı bu adi vərdiş əslində evdəki bahalı elektronika əşyalarını tədricən yararsız hala gətirir. Üstəlik, elektrik mütəxəssisləri bu mövzuda çox ciddi xəbərdarlıq edirlər: Siz fərqində olmadan təkcə cihazınızı deyil, həm də cibinizi yandırırsınız.

Bir çoxumuz tələsik hərəkət edərək elektrik çəngəlinin özünü tutmaq əvəzinə, birbaşa naqildən (kabeldən) dartırıq. Kənardan baxanda plastik örtük tam görünür deyə bu hərəkətin zərərsiz olduğunu düşünmək böyük bir səhvdir. Çünki naqilə tətbiq edilən hər bir dartma qüvvəsi, çöldən heç bir iz buraxmasa da, içəridəki həssas mis naqilləri və birləşmə nöqtələrini yavaş-yavaş zədələyir.

Bu vəziyyət sanki bir “saatlı bomba” kimidir. Naqilin içindəki incə tellər zamanla qırılmağa və ya boşalmağa başlayır. Zədə kənardan görünmədiyinə görə, cihaz həftələr və ya aylar sonra qəfil xarab olduqda, günahı başqa yerlərdə axtarırıq. Halbuki əsl səbəb, vaxtilə günahsız görünən o kiçik dartma hərəkətidir. Üstəlik, bu boşalmalar təkcə cihazı xarab etmir, həm də gizli qızınmalara yol açaraq ev təhlükəsizliyini də təhdid edə bilər.

Bahalı təmir xərclərindən və ya yeni cihaz almaq məcburiyyətindən qurtulmağın yolu əslində son dərəcə sadədir. Elektrik mütəxəssisləri bu görünməz zədələrin qarşısını almaq üçün tək bir qaydaya riayət etməyi tövsiyə edirlər: Heç vaxt naqildən dartmayın!

Elektrik çəngəlini yuvadan çıxararkən naqilə toxunmaq əvəzinə, birbaşa prizin içərisinə girən sərt plastik gövdəni barmaqlarınızla möhkəm tutun. Sonra sağa-sola əymədən, tək bir hərəkətlə düz və dik şəkildə özünüzə doğru çəkin. Cəmi bir saniyenizi alacaq bu kiçik vərdiş dəyişikliyi, ağıllı telefonunuzun şarj cihazından tutmuş paltaryuyan maşınınızadək evdəki bütün cihazların ömrünü illərlə uzada bilər.