Azərbaycandan BƏYANAT: Rusiyaya xəbərdarlıq, Ermənistan üçün “əcəl zəngi” – TƏHLİL

0
407

Azərbaycan Müdafiə Nazirliyinin bu gün yaydığı bəyanatda altından qırmızı xətt çəkilən məqamlar mövcuddur:

1. Bir daha Rusiya sülhməramlılarının burada müvəqqəti olduğu vurğulanır;

2. Rusiya sülhməramlılarının məsuliyyət daşıdığı bildirilir, Moskvaya xəbərdarlıq olunur;

3. Ermənistanın yeni müdafiə naziri Arşak Karapetyana Tonoyanın aqibəti xatırladılır;

4. Antiterror xəbərdarlığı edilir.

Əslində bu dörd bəndin heç biri mahiyyətcə yeni deyil, bundan əvvəl də rəsmi Bakı Ermənistana və Rusiyaya analoji mesajlar göndərib.

Yeni olan isə Müdafiə Nazirliyi tərəfindən son proseslər fonunda məsələyə nöqtə qoyulacaq mövqenin sərgilənməsidir.

Müdafiə Nazirliyi 10 noyabr 2020-ci il üçtərəfli bəyanatın müddəalarını xatırladaraq qeyd edir ki, Ermənistan silahlı qüvvələrinin qalıqlarının tam şəkildə Rusiya Federasiyası sülhməramlı qüvvələrinin müvəqqəti yerləşdirildiyi Azərbaycan ərazilərindən çıxarılması təmin olunmayıb. Bununla da Moskvanın məsuliyyətini xatırladıb.

Azərbaycan MN-in bunu Ermənistanın Rusiya sülhməramlılarının məsuliyyət zonasına daxil olan ərazilərə hərbi qüvvə daşıması fonunda açıqlaması isə İrəvan üçün “əcəl zəngi” sayılmalıdır.

Rəsmi məlumata əsasən, Muxtarkənd, Şuşakənd məntəqələri yaxınlığında, eləcə də Kəlbəcər və Laçın rayonlarının inzibati hüdudlarının şərq istiqamətindəki ərazilərdə yeni erməni postlarının qoyulması halları müşahidə olunur.

Ermənistanın son hərəkətləri revanşist niyyətlərin yenidən dirçələrək həyata keçirilməsi məqsədləri daşıyır.

Ermənilərin “əl-qol açaraq dirilməsinə” səbəb Ermənistanın yeni müdafiə naziri Arşak Karapetyanın əmridir. Nə var ki, Karapetyan Ermənistan ordusuna bütün vasitələrdən istifadə edərək güc tətbiq etmək barədə əmr verib.

Suallar yaranır: Hansı güc və resursla? Ya da hansı mənəvi-psixoloji “qida” vasitələri ilə? Yəni Ermənistan ordusunda nə güc, nə qüvvə, nə də döyüş aparmaq üçün mənəvi-psixoloji durum mövcuddur.

Hər nə olursa olsun, Ermənistanın bu ərazilərdə heç bir hərbi və strateji üstünlüyü yoxdur, Azərbaycan ordusu istənilən zamanda quldur qalıqları darmadağın etmək gücünü və hüququnu özündə saxlayır.

Prezident İlham Əliyev bir müddət öncə AzTV-yə verdiyi müsahibədə Azərbaycan dövlətinin Qarabağda Rusiya sülhməramlı qüvvələrinin yerləşdirildiyi ərazilərdə bütün prosesləri diqqətlə izlədiyini bəyan etmişdi.

İlham Əliyevin Azərbaycanın balansında olan müxtəlif texniki vasitələr, peyk vasitəsilə həmin ərazilərdə baş verənləri izlədiyini, oradakı maşınların sayının məlum olduğunu deməsi konkret anlama malikdir:

Heç bir şey gizli saxlanıla bilməz, oradakı qüvvələrin, hərbi texnikaların sayı, Laçın dəhlizindən nə qədər avtomobil keçdiyi haqda dəqiq informasiyalar var.

Karapetyan deyəsən, unutqandır və olanlardan, müharibədən dərs çıxarmayıb. Vaxtilə Ermənistan müdafiə naziri postunda əyləşən David Tonoyanın davakar ritorikasının onu hansı vəziyyətə saldığından xəbərsizdir. David Tonoyan müharibəyə qədər “yeni ərazilər üçün yeni müharibə” işğalçı doktrinasını elan etmişdi və onun bu fikirlər ətrafında yaratdığı mifi, bu mifə uyan Ermənistanın birləşmələrini Azərbaycanın müzəffər ordusu döyüş meydanında darmadağın etdi.

Rusiya da sülhməramlı əməliyyatların xarakter və ruhuna uyğun davranmalıdır, mandatından, funksiyasından, vəzifələrindən kənara çıxan addımlar atmağa son qoymalıdır.

“Rusiya Federasiyası sülhməramlı qüvvələri üçtərəfli bəyanatın müddəalarına uyğun olaraq müvəqqəti dislokasiya olunduqları Azərbaycan ərazilərində Ermənistan silahlı qüvvələrinin yerləşdirilməsi hallarına son qoymalıdır”, – Azərbaycan MN-nin açıqlamasında belə deyilir.

Əks təqdirdə, Azərbaycan adekvat tədbirlər görəcək, bu isə hərbi gücün tətbiqi üçün mexanizmlərin işə salınmasından ibarətdir.