“Şükür Allaha ki, bu gün Şuşa azaddır. Biz əmin-amanlıq, sülh əldə etmişik. Ölüm haqdır. Allah təala canı bizə verir və istədiyi vaxt da alır. Amma həyatda ən dəhşətli şey həsrət və ayrılıqdır. Allah heç kimi bu dünyada heç kimə, heç nəyə həsrət qoymasın. Nə də ayrı salmasın. Ayrılığa dözmək olmur.. Çox çətindir. 30 ildə Şuşaya oxşayan rayonlarımızı gəzirdim. Qaxı, Gədəbəyi Şuşaya oxşadırdım. Orada filmə çəkilmişəm. Deyirdim ki, Gədəbəydəki kəklikotunun iyi Şuşada, Cıdır düzündəki kəklikotunun iyinə oxşayır”.
Bunu açıqlamasında Xalq artisti Firəngiz Mütəllimova deyib.
O daha sonra əlavə edib:
“Amma heç vaxt ağlıma gəlməzdi ki, mən bir də Şuşaya qayıda biləcəm. İşğaldan sonra Şuşaya qayıdanda belə hiss edirdim ki, sanki 5 yaşında uşaq qoyub gəlmişəm, onu görəndə ağlayacam, qışqıracam. Amma mən Şuşanı görəndə sakitcə oxşadım, onu əzizlədim. Həzin-həzin ağladım. Ana, atam Şuşa həsrəti ilə dünyadan köçdü.. Atam dünyasını dəyişəndə onun cibindən belə bir şeir tapdım.. “Şuşam, səni görəcəmmi? Yoxsa sənsiz öləcəmmi?”. Şuşadan qayıdanda torpaq götürüb onların məzarına səpdim. Qardaşımla Şuşaya getdim.. Sanki Şuşa bir cənnət idi. O güllərin, çiçəklərin içində uzandı.. Sonra qayıdıb gəldi və rəhmətə getdi. Çox şükür ki, qardaşım Şuşanı doyunca gəzdi.. Şükür bu günümüzə ki, Şuşa azaddır. Ali Baş Komandanımız başda olmaqla, Allah şəhidlərimizə rəhmət, qazilərimizə can sağlığı, müzəffər ordumuza güc versin. Biz onların sayəsində Zəfər bayramını xüsusi qeyd edirik” deyə o bildirib.
Xalq artisti Şuşa ilə bağlı uşaqlıq xatirlərini də bizimlə bölüşüb:
“Neçə gündür Şuşa ilə bağlı olan uşaqlıq xatirələrim gözümün qabağına gəlir. Şuşada kinoteatr olan məhəllədə, daha dəqiq desəm Sadıqcan məhəlləsində yaşayırdım. Məhz Vaqif adına o kinoteatr mənim aktrisa olmağımın səbəbkarı oldu. Bütün günü orada filmləri izləyirdim. Ən çox da hind kinoları nümayiş olunurdu. Evdən parçanı götürürdüm, orada fotoqraf Sərvər adında bir oğlan var idi. O mənim şəkillərimi çəkirdi. Deyirdi ki, neynirsən bu şəkilləri?! Deyirdim ki, bunları Hindistana göndərəcəm. Sərvər də şəkilin üstünə yazırdı ki, “foto Sarvara”.. Fikirləşirdi ki, şəkillər ora getsə onun da adı olsun (gülür). Şuşada xizəkdə sürüşməyim yadımdadır. Qışa, ilk qara xüsusi hazırlaşırdıq. Xizəklərimizi özümüz düzəldirdik. Yayda Şuşaya çoxlu kirayənişinlər gəlirdilər, onlarla tanış olurduq, dostluq edirdik. Biz onlara-Yevlaxa, Bərdəyə qonaq gedirdik. Sonra məktəbdən Cıdır düzünə, İsa bulağına gedirdik. Məktəblərimiz səliqə-sahmanlı idi. Saç üzə tökülməzdi, ağ forma, fartuk geyinərdik. Biz Şuşa məktəbində belə ciddi nəzarət altında oxumuşuq. Oğlanlı, qızlı kəndirbaz, yeddi şüşə oyunları oynayırdıq. Qonum-qonşu bir-birinə gedirdi. Darıxmırdıq. O qədər xoş günlər idi ki.. Anam, atam, qardaşım sağ idi. Gözəl günlər yaşamışıq. Atam Şuşanı tərk edib gələn sonuncu sakin idi. İnsan yaşa dolduqca o xatirələrlə yaşayır” deyə sənətkar bildirib.



