Dövlət və hökumət rəsmiləri Zəfər Tağı abidəsini ziyarət etdilər

Dövlət və hökumət rəsmiləri 8 noyabr – Zəfər Günü ilə əlaqədar olaraq Zəfər Tağı abidəsini ziyarət ediblər.

Onların arasında Milli Məclisin sədri Sahibə Qafarova, Prezident Administrasiyasının rəhbəri Samir Nuriyev, Baş nazir Əli Əsədov, şöbə müdirləri və deputatlar olub.

Xatırladaq ki, Zəfər Günü Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin 2020-ci il dekabrın 3-də imzaladığı sərəncamla təsis edilib.

Ermənistanın təxribatına və növbəti hərbi təcavüzünə cavab olaraq, Azərbaycan Ordusu torpaqların işğaldan qurtarılması, Ermənistanın sülhə məcbur edilməsi, BMT Təhlükəsizlik Şurasının qətnamələrinin tələblərinin yerinə yetirilməsi, məcburi köçkünlərin öz doğma torpaqlarına qayıtması və ədalətin bərpası üçün 2020-ci il sentyabrın 27-də Vətən müharibəsinə başladı. Bu müqəddəs amal uğrunda bütün Azərbaycan xalqı səfərbər və həmrəy oldu. 44 gün davam edən döyüşlər zamanı Rəşadətli Azərbaycan Ordusu 5 şəhər, 4 qəsəbə və 286 kəndi işğaldan azad edib.