Rusiyapərəst revanşistlər bu gündən Ermənistan Konstitusiyasında dəyişikliklərə qarşı aksiyalara başlayır…

Ermənistanın Kremlin sifarişi ilə Azərbaycanla sülh sazişinin mümkün qədər ləngiməsinə çalışan rusiyapərəst və revanşist müxalifəti noyabrın 8-dən etibarən ölkə Konstitusiyasına dəyişikliklərin edilməsi ilə bağlı təşəbbüslərin yarada biləcəyi risklər barədə ictimaiyyəti məlumatlandırmaq məqsədilə aksiyalar keçirməyi planlaşdırır.

Bu barədə parlamentdəki “Güclü Ermənistan” fraksiyasının rəhbəri Narek Karapetyan məlumat açıqlayıb.

Onun sözlərinə görə, müxalifət noyabrın 8-dən başlayaraq Konstitusiya dəyişikliklərinin mümkün nəticələri və ölkə üçün yarada biləcəyi risklər barədə əhalini məlumatlandırmaq istiqamətində fəaliyyət göstərəcək.

Qeyd edək ki, Ermənistanda Konstitusiyaya dəyişikliklər məsələsi son dövrlər ölkənin siyasi gündəmində müzakirə olunan əsas mövzulardan birinə çevrilib.

Moderator.az onu da diqqətə çatdırır ki, Ermənistanın Baş naziri Nikol Paşinyan noyabrın 7-də “Restart” Fondunun təşkil etdiyi “MaskOFF” panel müzakirəsində gənclərin suallarını cavablandırarkən Konstitusiya dəyişiklikləri məsələsinə də toxunub. O, Ermənistan Konstitusiyası ilə bağlı məsələnin ölkənin daxili işi olduğunu vurğulayaraq, bu mövzunu hər hansı xarici aktorla müzakirə etmək niyyətində olmadıqlarını bildirib. Baş nazirin bu açıqlaması Ermənistanın yeni Konstitusiya layihəsi ətrafında müzakirələrin və siyasi qarşıdurmanın davam etdiyi bir vaxta təsadüf edir…