Dünyanın ən hündür abidəsi Hindistanın Qucarat ştatında, Narmada çayının yaxınlığında yerləşən “Birlik heykəli”dir. Abidənin hündürlüyü 182 metr, postamentlə birlikdə isə ümumi hündürlüyü 240 metrə çatır.
Nəhəng abidə Hindistanın müstəqillik uğrunda mübarizəsinin əsas simalarından biri olan Sərdar Vallabhbhai Patelə həsr olunub.
“Birlik heykəli” 2018-ci il oktyabrın 31-də Patelin anadan olmasının 143-cü ildönümündə açılıb. Layihənin tikintisi 33 ay davam edib, ümumi dəyərinin isə 400 milyon dollardan çox olduğu bildirilir. Abidənin tikintisinə 2013-cü ildə başlanılıb. Layihə üzərində təxminən 250 mühəndis və 3400 işçi çalışıb. Heykəlin əsas konstruksiyası iki beton nüvədən və onları əhatə edən polad karkasdan ibarətdir. Xarici hissəsi isə bürünc panellərlə örtülüb. Bunun üçün təxminən 1700 ton bürüncdən istifadə edilib.
Heykəlin daxilində sürətli liftlər fəaliyyət göstərir. Onlar ziyarətçiləri 135 metr yüksəklikdə yerləşən müşahidə meydançasına aparır. Buradan Sərdar Sarovar bəndini və ətraf dağları seyr etmək mümkündür.
Abidənin yaradılması zamanı Patelin görünüşünün dəqiq əks etdirilməsi üçün təxminən 2000 fotoşəkli araşdırılıb və tarixçilərlə məsləhətləşmələr aparılıb. Sonda onun irəli addımladığı vəziyyəti əks etdirən poza seçilib.
“Birlik heykəli” güclü küləyə və zəlzələyə davamlı şəkildə layihələndirilib. Onun saatda 180 kilometr sürətə çatan küləyə və 6,5 maqnitudalı zəlzələyə tab gətirə biləcəyi qeyd olunur. Abidənin ətrafında muzey, parklar, restoranlar və digər turizm obyektlərinin yerləşdiyi böyük kompleks yaradılıb.
Qeyd edək ki, Vallabhbhai Patel Mahatma Qandinin yaxın silahdaşlarından və Hindistanın müstəqillik hərəkatının liderlərindən biri olub. Britaniya hakimiyyətinin sona çatmasından sonra ölkə ərazisində 560-dan çox knyazlıq mövcud idi. Patel onların böyük hissəsinin vahid Hindistan dövlətinə birləşdirilməsində mühüm rol oynayıb. Buna görə də o, “Hindistanın dəmir adamı” adlandırılıb.
Qeyd edək ki, Nyu-Yorkdakı Azadlıq heykəlinin hündürlüyü 93 metr, Braziliyadakı Xilaskar İsa heykəlinin hündürlüyü 38 metr, Çindəki nəhəng Budda heykəllərindən biri isə 128 metrdir.



