Almaniya mümkün terror aktları ehtimalına görə ölkədəki təhlükə dərəcəsini maksimum səviyyəyə çatdırır.
Bu məlumatı Almaniyanın daxili işlər naziri Aleksandr Dobrindt iyulun 18-də “Die Welt” nəşrinə verdiyi müsahibə zamanı açıqlayıb.
“Daxil olan məlumatların və kəşfiyyat informasiyasının həcminin artması məni əvvəllər müəyyən edilmiş mücərrəd təhlükə səviyyəsini yüksək səviyyəyə qaldırmağa sövq etdi. Bu o deməkdir ki, Almaniya istənilən vaxt terror hücumları riskinə hazır olmalıdır”, – deyə nazir bəyan edib.
Nazirin sözlərinə görə, müxtəlif qurumlara, fərdi şəxslərə və mühüm infrastrukturlara qarşı planlaşdırılan “dəqiq müəyyən oluna bilən” hücum ssenariləri mövcuddur. O, həmçinin qeyd edib ki, yaxın keçmişdə Almaniyanın təhlükəsizlik xidmətləri tərəfindən bir terror aktının qarşısı alınıb.
Məlumata görə, Almaniya hökuməti cari ilin yay aylarında ölkənin kəşfiyyat orqanlarının hüquqlarını artırmağı nəzərdə tutur. Beləliklə, kəşfiyyat xidmətləri sadəcə məlumat toplayıb analiz etməklə kifayətlənməyəcək, həm də konkret müəyyən olunmuş ciddi təhlükə anında prosesə birbaşa müdaxilə etmək səlahiyyətinə malik olacaqlar.




